Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib -FOTOLAR

Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan konfransda iştirakçıları ilk öncə Mərkəzin foyesində təşkil olunmuş “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə dahi şairə dair Azərbaycan dili ilə yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda Özbək dilində nəşr etdiyi kitablar oxuculara təqdim edilib.

Keçirilən beynəlxalq konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin Nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları, elmi təşkilatların tədqiqatçıları, elm xadimləri, müəllim və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin daim dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğinin diqqət mərkəzində saxladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə «Nizami Gəncəvi ili» elan olunduğunu və bu münasibətlə dahi şairə həsr olunmuş çoxsaylı layihələr, tədqiqatların həyata keçirildiyini bildirib. Diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvini “bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifələr açmış, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş qüdrətli söz və fikir ustadı olaraq onun zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi” xarakterizə etmişdir.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığını Türk dünyası ilə yanaşı bütün Şərq aləminə böyük təsir etdiyini və bu təsirin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də biruzə verməsindən söz açıb. Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük Nizami Gəncəvi yaradıcılığının türkdilli xalqların poeziyasının formalaşmasında mühüm əhəmiyyətindən danışan Abduğaffor Qırğızbayev şairin ədəbi irsinin təbliği sahəsində Özbəkistanda da mühüm işlərin görüldüyünü qeyd edib. Özbəkistanda Nizami Gəncəvi yaradıcılığına yüksək dəyər verildiyinin bildirən rektor, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verildiyini və şairin Daşkənddə büstünün ucaldığını söyləyib.

Çıxış edən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Erkin Nuriddinov Nizami Gəncəvi yaradıcılığının Türk dünyasının böyük şairləri Əlişir Nəvai, Məhəmməd Füzuli və başqa şairlərin bəhrələndiyini, eyni soy, kök, düşüncə və fikrə malik bu müdrik şəxslərin bir-birinə yaxın olmasının əsas səbəbinin isə onların türk xalqlarına mənsubluğudur.
Digər məruzəçi – AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır” adlı məruzəsində şairin azərbaycanlı türk olması və əsərlərindəki türkçülük məfkurəsinin ən gözəl qaynağı kimi elə şairin özünün qələmə aldığı əsərlərin mötəbər bir mənbə olduğunu qeyd edib. O, Nizami əsərlərinin qəhrəmanlarının Türk obrazları olmasını vurğulayaraq, şairin Türk dilində divanının mövcudluğu haqqında məlumat verib.

Elmi məruzələrlə davam edən beynəlxalq konfransda Türkiyədən olan alim dosent, doktor Fikri Aydemir “Türkiyədə Nizami Gəncəvi tədqiqatları” adlı məruzə, azərbaycanlı alimlərdən filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Türk bədii ədəbiyyatında Nizami Gəncəvi təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin nəsil şəcərəsi və yaşadığı tarixi ərazi”, özbəkistanlı alimlərdən dosent Salimaxan Eşanova “Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundakı Nizami Gəncəvi əlyazmalarının təsnifatı” mövzusu, dosent Mahbuba Orazbayeva “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcümələri” adlı məruzələrlə çıxış ediblər.

Çıxışçılar Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra maraqlı təkliflər səsləndiriblər. Məruzəçi alimlər hər ilin mart ayının əvvəllərində Nizami Gəncəvinin doğum günü ilə əlaqədar Gəncə şəhərində, habelə Azərbaycanda və dünyada Nizami Gəncəvi günlərinin keçirilməsi, bu mövzuda elmi tədqiqatların artırılması, birgə əsərlərin, monoqrafiyaların yazılması, tədris prosesində Nizami yaradıcılığına geniş yer verilməsi, dahi şairə dair əlyazmaların araşdırılması, miniatürlərin incəsənətdə geniş istifadəsi və s. təkliflər irəli sürmüşlər.

Konfransın yekun nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türk dünyası Nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslar elmi tədqiqatlar cəmiyyəti” təsis olunmuş və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub.

Konfransın məruzələrdən sonra tədbir iştirakçılarına Nizami Gəncəvinin həyatı və yaradıcılığından bəhs edən “Azərbaycandan parlayan günəşi” adlı sənədli film təqdim olunub.

S.İsmayılbəyli
Xəbəri paylaş