Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, ölkənin hər bir vətəndaşı, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir

Prezident İlham Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, ölkənin hər bir vətəndaşı, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir


"Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkələrindən biridir. Müstəqillik qazanmasından keçən dövr ərzində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş və inkişafın bütün sahələrində böyük intibah dövrünə qədəm qoymuşdur. Tarix baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər prezident İlham Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Heç şübhəsiz ki, bu strategiyanın gerçəkliyə çevrilməsində böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, bu gün hər kəs etiraf edər ki, İlham Əliyev öz fəlaiyyəti ilə Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı:

"Keçən dövr göstərdi ki, 2003-cü il seçkilərindən keçən zaman kəsiyi ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də dünya liderləri arasında sayılıb-seçilən, dövlət xadimi kimi böyük nüfuz qazandı. Bu gün Azərbaycan xalqı haqlı olaraq qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz bir-birinin ardınca uğurlara qovuşur.
2003-cü ilin Prezident seçkisi ərəfəsində dövlətimizin başçısı - Ümummilli lider Heydər Əliyev Klivlenddən Azərbaycan ictimaiyyətinə ünvanladığı müraciətində Prezidentliyə namizəd İlham Əliyevə böyük inamını ifadə etdi və xalqı seçkilərdə onu dəstəkləməyə çağırdı. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" sözləri ictimaiyyətdə ona sonsuz etimad yaratmaqla bərabər, Azərbaycanın gələcək taleyi ilə bağlı müəyyən tərəddüd və nigarançılıqlara da son qoydu. Nəticədə İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən president seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam". Prezident İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair kimi həlli vacib məsələlər idi. Xalqın gözləntilərini və etimadının doğrultmasının nəticəsi idi ki, sonrakı dövrlərdə də, yəni 2008, 2013 və 2018- ci il seçkilərində də xalqımız ona etimad etdi və İlham Əliyev keçirilən bütün seçkilərdən qalib olaraq çıxdı".

Yusif Bağırzadə deyib ki, Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu:

"Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilini önə çəkməsi bugünümüzə hesablanmış addımlar sırasından idi. Belə ki, neft-qaz gəlirlərinin düzgün idarə olunması üçün 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Həyata keçirilən reğional inkişaf proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırıldı. Artıq inamla demək olar ki, hər bir kənd, qəsəbə quruculuq dövrünü yaşayır. Hazırda rayonlar arasında sağlam rəqabət gedir. Müasir iqtisadi və sosial infrastrukturun yaradılması bugünümüzün əsas hədəflərindən olan sahibkarlığın inkişafını sürətləndirən faktorlar sırasındandır. Bölgələrdə enerji, su, qaz tələbatının yüksək səviyyədə ödənilməsi qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST layihələri sosial xidmət sahəində şəffaflığın təminatına geniş imkanlar açır. Hazırda Azərbaycanın bu təcrübələri beynəlxalq səviyyədə də tətbiq edilir. Hər sahədə ilklərə imza atan Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində qarşıya çıxan hər bir çətinliyi aradan qaldırmaq imkanına malikdir".

Politoloqun sözlərinə görə, ölkədə aparılan çoxşaxəli islahatların, gerçəkləşdirilən genişmiqyaslı, saysız-hesabsız layihələrin Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatında ciddi dönüş yaratdığını, əhalinin sosial rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlar qazanıldığını, xarici siyasət kursundakı incə və peşəkar korrektələrin dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıdığını dəfələrlə görmüşük:

"Amma 44 günlük Vətən müharibəsi və ondan sonra suverenliyimizin bərpası istiqamətində atılan addımlarla dövlət rəhbəri kimi onun yeni və çox önəmli digər keyfiyyətlərini də böyük qürur hissi ilə müşahidə etdik.
Prezident seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilə nəzər saldıqda bir daha əmin oluruq ki, o, həqiqətən də hər birimizin Prezidenti olmaq üçün mümkün olan hər şeyi etdi və təkcə 10 milyonluq Azərbaycan seçicisinin deyil, 60 milyona yaxın dünya azərbaycanlılarının lideri olmağı bacardı.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, ölkənin hər bir vətəndaşı, hər bir bölgəsi, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir, doğmadır. İlham Əliyevə olan ümumxalq sevgisinin sirri də məhz bundadır. Məhz buna görə ölkə başçısı Azərbaycanın hər yerində eyni dərəcədə böyük hörmət və ehtiramla sevilir.

Aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti formalaşıb. Formakaşmış bu mühitin təşəbbüskarı olan Prezident İlham Əliyev əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Məhz aparılan açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasında mühüm rol oynadı. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi dövlət başçısının həyata keçirdiyi islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir".

Yusif Bağırzadə hesab edir ki, siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir:

"Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti öz bəhrəsini verdi. Cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarı olaraq ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyəti nəticəsində Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə nail oldu. Məhz bu amil ölkə daxilində qarşıdurma əhval-ruhiyyəsinin tamamilə aradan qaldırılması və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdı. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmış oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gün-gündən genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırdı. Bu gün xalqımız tamamilə əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır".

Süleyman
Xəbəri paylaş