Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Britaniya Şurası ilə (“British Council”, BŞ) tərəfdaşlıq əsasında artıq ikinci dəfə təşkil olunan IELTS (International English Language Testing System) imtahanlarında iştirak edən universitetin bir qrup tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə ADPU-nun rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim heyəti, TİF və BŞ-nin nümayəndələri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, Pedaqoji Universitetdə təhsilverənlərin və tələbələrin dil və İT bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ardıcıl layihələr icra olunur. Bu baxımdan Təhsilin İnkişafı Fondunun dəstəyi ilə Britaniya Şurası tərəfindən təşkil olunan ingilis dili üzrə IELTS imtahanlarına hazırlıq və imtahanların keçirilməsi də xüsusi əhəmiyyətə malikdir.
Rektor vurğulayıb ki, ilk dəfə ötən tədris ilində reallaşdırılan layihədə 19 nəfər iştirak etmişdisə, artıq bu il ADPU-nun 26 tələbəsi layihədə iştirak edərək, müvafiq hazırlıqlardan keçdikdən sonra imtahanlardan uğurla keçərək IELTS sertifikatları qazanıblar. Tələbələri təbrik edən prof. C.Cəfərov layihənin davamlı olacağına inamını ifadə edib.
Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, Şuranın 5 regional mərkəzindən biri məhz Azərbaycanda yerləşir. Şura tərəfindən ölkə üzrə bir çox layihənin icra olunduğunu diqqətə çatdıran direktor 4 mindən çox orta məktəb müəlliminin onlayn ingilis dili inkişafı proqramına cəlb olunduğunu diqqətə çatdırıb.
N.Hacıyeva qeyd edib ki, ADPU ilə BŞ arasında uzunmüddətli səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq təkcə dil biliklərinin artırılması sahəsində deyil, eyni zamanda ingilis dili üzrə proqramların, milli kurikulumun hazırlanması kimi akademik sahələrdə də uğurla davam etdirilir. Vurğulanıb ki, TİF-in dəstəyi ilə ali məktəblər üçün təşkil olunan IELTS imtahanları artıq iki ildir davam edir və layihədən həm tələbələr, həm də təhsilverənlər yararlana bilərlər. Diqqətə çatdırılıb ki, layihəyə cəlb olunan ADPU tələbələri çox uğurlu nəticələr göstərirlər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova da öz növbəsində Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq TİF-in bir ildən çoxdur bu layihəyə dəstək göstərdiyini və indiyədək layihə çərçivəsində 7 ali təhsil müəssisəsindən ümumilikdə 200-dək tələbə və təhsilverənlərin yararlandığını diqqətə çatdırıb.
Daha sonra layihədə iştirak edərək uöur qazanmış tələbələrə IELTS sertifikatları təqdim olunub, onların təəssüratları dinlənilib.
R.MEHDİYEVA