Məlum olduğu kimi Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri Yusif Bağırzadə də 2024-cü il, 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində ölkənin bir nömrəli postu uğrunda gedəcək mübarizəyə qoşulacağını açıqlayıb. Yusif Bağırzadənin vaxtı ilə AMİP sədri olduğunu, sözügedən partiyanın isə seçkilərdə iştirak edəcək namizəd irəli sürmədiyini nəzərə alsaq, o halda milli istiqlalçıların səsvermə günü Yusif Bağırzadəyə səs verə biləcəkləri qənaətinə gələ bilərik? Bəs görəsən partiyada bununla bağlı nə düşünürlər?
AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Newscenter.az-a verdiyi açıqlamada bu barədə nəsə söyləməyin hələ tez olduğunu deyib:
“Əvvəla, hələlik prezidentliyə namizədlərin irəli sürülməsi mərhələsidir. Ən sonda namizədlərin təsdiq olunub seçki mübarizəsinə qoşulmasından sonra kimə səs verəcəyimizi müəyyənləşdirə bilərik. Hansı namizədin platforması, fəaliyyət istiqaməti, verdiyi vədlər AMİP-i qane etsə, milli istiqlalçılar həmin namizədi dəstəkləyə bilər. Yəqin ki, bu məsələ namizədlərin təsdiq olunmasından sonra partiyada müzakirə edilə bilər”.
S.İsmayılbəyli