Azərbaycan daha bir tarix yazdı. Xankəndidə futbol qarşılaşmasını həyata keçirməklə həm siyasi, həm də idman aktivini artırdı. Sözügedən qarşılaşmada Azərbaycan Prezidentinin proqram xarakterli çıxışı da bəlli ünvanlar göndərilən mesajlar baxımından əhəmiyyətli idi. Newscenter.az-ın xəbərinə görə, elə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da belə düşünür. O deyib ki, dünən millət və dövlət olaraq həqiqətən də tarixi gün yaşadıq:
"Qarabağın ən strateji nöqtəsində - Xankəndidə düz 30 ildən sonra əsl idman bayramına, Cənubi Qafqazın ən güclü futbol komandası olan "Qarabağ"ın Mərkəzi Ordu İdman Klubu (MOİK) ilə matçına imza atdıq, tamaşa etdik.
Bu, sıradan bir idman yarışı deyildi. Biz əslində növbəti böyük Qələbəyə imza atdıq. Topa ilk rəmzi toxunuşun Ali Baş Komandandan gəldiyi və “Qarabağı”ın üstünlüyü, qələbəsi ilə bitən bu futbol matçının məhz Xankəndidə baş tutması Millətimizin, Dövlətimizin siyasət, hərb, diplomatiya meydanında uğurlarının, qələbələrinin idman meydanındakı davamıdır. Bəli, ötən gün “Xankəndi” stadionunda keçirilən matç Zəfər matçı idi. Ona görə də indi hər birimiz sonsuz qürur və sevinc hissilə hayqırıb deyə bilərik: - Gözün aydın olsun, ey Qalib Azərbaycan!
Beləliklə, dekabrın 21-i Azərbaycan xalqının ən yeni tarixinə Zəfər matçının gerçəkləşdiyi gün kimi daxil oldu. Bu matçın keçirilməsini hələ günlər öncədən hamı səbrsizliklə gözləyirdi. Və dünən bütün xalqımız ayaqdaydı. Dünən bütün Azərbaycan xalqının nəbzi Xankəndidə döyünürdü. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş bu unudulmaz hadisəni hər birimiz uzun illər həsrətlə gözləmişdik. Erməni işğalından və separatizm buxovundan azad edilən Xankəndi şəhərində milli komandalarımızın futbol yarışının keçirilməsi ilin idman yekunları baxımından xüsusi əhəmiyyətə malikdir. Lakin bu hadisənin siyasi, mənəvi, psixoloji əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra dövlətimizin başçısı tarixi oyundan əvvəl Xankəndi stadionunda futbolçular və azərkeşlər qarşısında etdiyi çıxışına möhtəşəm bir qarşılama ilə başladı, “Xankəndiyə xoş gəlmisiniz!” dedi və işğaldan azad edilmiş ərazilərdə ilk dəfədir futbol matçının keçirilməsi münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi".
Təşkilat sədri deyib ki, daha sonra Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəman şəhidlərimizin uşaqlarının, ailə üzvlərinin də stadionda olduğunu qeyd etdi və hamını birlikdə onları salamlamağa çağırdı. Dövlətimizin başçısının bu çağırışı alqışlarla qarşılandı:
"Prezident çıxışının əvvəlində bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük məna daşıdığını qeyd edərək tarixi həqiqətlərə ekskurs etdi. O, bildirdi ki, təməli Qarabağ xanı tərəfindən qoyulan Xankəndi qədim Azərbaycan diyarı olsa da və sonralar Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçılarının əməyi nəticəsində böyük şəhərə çevrilsə də, lakin əfsuslar olsun ki, son 30 il ərzində bu şəhərdə erməni separatçıları yuva salmış və onlar bu şəhəri separatizmin mərkəzinə çevirmişdilər. Separatçılara havadarlıq edən və torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərləri elə hesab edirdilər ki, onlar mənfur işğalçı siyasəti əbədi olaraq davam etdirə biləcəklər. Ancaq biz onların mənfur planlarını alt-üst etdik. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Xankəndi bizim tarixi, əzəli torpağımızdır. Və hamıya bəlli oldu ki, bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır.
Bizim Xankəndiyə qayıtmağımıza heç kim mane ola bilməzdi. Biz öz tarixi şəhərimizə mütləq qayıtmalı idik və qayıtdıq. Bizim Xankəndiyə qayıdacağımızı əslində ermənilər özləri də yaxşı bilirdilər. Lakin buna rəğmən onlar hər vasitə ilə işğalın ömrünü uzatmağa çalışırdılar. Xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə bitməsindən sonra separatçı xunta Ermənistanın dəstəyi ilə 10 noyabr bəyanatının şərtlərinin ziddinə olaraq Xankəndidə mövqelərini daha da gücləndirməyə və buranı separatizmin beşiyinə çevirməyə çalışırdı. Ancaq Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixdə həyata keçirdiyi lokal antiterror əməliyyatı separatçı rejimin özünü də, separatizmin simvolikasını da tarixin zibilxanasına atdı. Cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi “üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
Əlisahib Hüseynovun sözlərinə görə, dünən Xankəndidə keçirilən futbol yarışının mənəvi-psixoloji əhəmiyyəti isə ondadır ki, indi hamı görür ki, biz qalib xalq ruhu ilə addım atır, qalib dövlət zəkası ilə davranırıq:
"Bu mənada, Xankəndi stadionunda baş tutan futbol qarşılaşması müharibə meydanında qələbə qazanaraq özünə hörməti bərpa etmiş bir xalqın həm düşmənlərimizə “yumşaq güc” nümayişi, həm də bütün dünyaya gerçək sülh mesajı idi. Bu matçı keçirməklə dünyaya bəyan etdik ki, biz işğaldan azad etdiyimiz torpaqlara sülh gətiririk, tərəqqi gətiririk, sivil yaşam tərzi gətiririk və işğalçı ermənilərdən fərqli olaraq bizim bu əraziləri silah-sursat cəbbəxanasına çevirmək niyyətimiz yoxdur".
Komitə sədrinin qənaətincə, İlham Əliyev Xankəndi stadionundakı çıxışı ilə bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti erməni vandalizmindən xilas edilən Qarabağı sivil dünyanın bir parçasına çevirir:
"Hazırda Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərimizdə aparılan geniş quruculuq-abadlıq işləri, o cümlədən Xankəndi stadionunun cəmi iki ay ərzində yenidən inşa edilməsi, həmçinin Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacağı barədə qərar verilməsi faktları da bu fikrimizi təsdiqləyir.
Quruculuq, yaradıcılıq ruhu bir xalq olaraq bizim genimizdədir, fitrətimizdədir. Biz 30 il ərzində Ağdamı “ruhlar şəhəri”nə, “Qafqazın Xirosiması”na çevirən, bütün Qarabağı və Şərqi Zəngəzuru talayan erməni vandallarını ərazilərimizdən qovandan sonra, orada sürətli bərpa-quruculuq işlərinə başlamağımızla bir daha dünyaya kimin kim olduğunu göstərdik. Və budur, cəmi 2 ay ərzində həyata keçirilən əsaslı təmir işlərindən sonra Xankəndi stadionu artıq mötəbər idman yarışlarına ev sahibliyi etməyə tam hazırdır.
İlham Əliyevin dünən 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü zamanı söylədiyi kimi indiyə qədər ölkəmizin tarixində yarışlar çox olub, ancaq Xankəndi stadionunda keçirilən “Qarabağ”-MOİK matçı tarixdə əbədi qalacaq: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.
Gələcək nəsillər də bu matçın Xankəndidə keçirilməsinin çox böyük məna daşıdığını təsdiqləyəcəklər. "Qarabağ" klubunun oyunçularının dövlət bayrağımızı qədim türk musiqisi olan "Dombra"nın sədaları altında meydana gətirərək dalğalandırmaları bu torpaqların Azərbaycan türklərinə məxsusluğunu hamıya göstərdi. “Qarabağ”-MOİK oyununu şəhid övladları ilə birgə izləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan bayrağı əbədi dalğalanacaq və azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq.
Anar Əliyev