"Prezident seçkilərinin anti-demokratik keçiriləcəyi ilə bağlı iddiaların heç bir əsası yoxdur, artıq seçki öncəsi demokratik abu-havanı qiymətləndirsək görərik ki, bu marafona cəmiyyətdə yetərincə nüfuzu olan namizədlər qatılır, onlara namizəd kimi qeydiyyatdan keçmək üçün yetərincə şərait yaradılır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, adətən beynəlxalq təşkilatlar seçki gününə qədər olan namizədlərin qeydə alınması prosesinin qiymətləndirilməsi və təbliğat-təşviqat hissəsini və rəqabət mühitini qiymətləndirib rəy verirlər:
"Artıq bəri başdan bütün namizədlərə bərabər şəraitin yaradılması ondan xəbər verir ki, qarşıdan gələn növbədənkənar Prezident seçkiləri siyasi rəqabət və bərabər imkanlar çərçivəsində keçiriləcək. Əlbəttə, hazırkı Prezident İlham Əliyevin xalqın yenidən dəstəyini almaq ehtimalı çox yüksəkdir, bu da təbiidir. Çunki hazırki Prezident xalq arasında böyük nüfuza malikdir. Lakin seçki öz-özlüyündə bir siyasi kampaniyadır və digər siyasətçilərə də özünü göstərmək üçün imkanlar yaradır. Müvafiq dövlət qurumlarının bunun üçün bütün namizədlərə bərabər şərait yaratmasının şahidi oluruq".
Anar Əliyev