Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn 2024-cü il, fevral ayının 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.
Newscenter.az xəbər verir ki, sabiq baş nazir özü bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirib ki,
Azərbaycan Xalq Partiyasının İdarə Heyəti 18 12. 2024 – cü il tarixli iclasında 07.02.2024- cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində öz namizədi ilə iştirak məsələsini müzakirə edərək partiya adından namizəd irəli sürməmək, eyni zamanda partiya sədrinə öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürmək üçün tam səlahiyyət vermiş və bildirilmişdi ki, bu halda onun namizədliyini müdafiə edəcəkdir:
"Göstərilən iclasdan keçən müddətdə partiya rəhbərliyi və üzvləri ilə bir daha məsləhətləşərək, ölkədə mövcud seçki mühiti və partiyanın resursları ilə əlaqədar problemləri götür qoy edərək, partiya rəhbərliyi və üzvlərinin bu məsələdə yekdil fikrininin olmadığını nəzərə alaraq mən öz təşəbbüsümlə namizədliyimi irəli sürməyəcəyim barədə qərarımı bu gün elan etdim.
Odur ki, göstərilən seçkiyə münasibətdə Azərbaycan Xalq Partiyasının mövqeyi partiya İdarə Heyətinin yuxarıda göstərilən qərarının 4- cü bəndi əsasən müəyyən edilir. Həmin bəndə görə “AXP sədri P. Hüseyn öz təşəbbüsü ilə namizəd irəli sürülməzsə, o halda AXP üzvləri seçkidə iştirakla bağlı müstəqil qərarlar qəbul edib mövqelərini müəyyənləşdirirlər. Yəni partiya üzvləri hansı namizədi müdafiə etmək və ya etməmək, seçkiyə getmək və ya getməmək, hansı namizədə səs vermək və ya verməmək, seçkidə müşahidə hüququndan istifadə etmək və ya istifadə etməməkdə sərbəstdirlər”.
S.İsmayılbəyli