Bu gün nə əhali sayımız, nə ərazimiz bizə böyük dövlətlər siyahısına düşməyə imkan vermir. Amma dünya nəhənglərini qarşımıza alıb cəmi 44 günə 30 il möhkəmlənmiş işğal faktoruna, ərazimizdə tarixi bir əsrə dayanan separatizmə son qoya bilmişik. Təbii ki, İlham Əliyevin sayəsində. Yəni əhali sayımızın, ərazimizin bizə verə bilmədiyi üstünlüyü Liderimizin vizyonu hesabına təmin edə bilmişik.
103 il əvvəl öz müstəqilliyini tanıdıb qoruya bilməyən, 30 il əvvəl isə parçalanmaqda olan Azərbaycan bu gün faktiki olaraq Orta Asiyanın, Şərqi və Cənubi Avropanın, Balkanların enerji təhlükəsizliyinin, dolayısı ilə milli təhlükəsizliyinin qarantına çevrilib.
Biz bu reallığı görməli, böyük reallıqlar yaradan dövlətin vətəndaşı olmaqdan qürur duymalıyıq və başa düşməliyik ki, bu reallığı Siz yaratmısınız, cənab Prezident. 30 il əvvəl sıravi azərbaycanlının yuxuda belə görə bilməyəcəyi bir gerçəklik formalaşdırmısınız. Qarabağ, Şərqi Zəngəzur boyda bir şah əsəriniz var, hücum siyasəti doktrinanız milli ruhun, milli məfkurənin təməlinə çevrilib.
Əsrlər sonra, bu gün biz qələbədən danışırıq, 3 il əvvəl isə qələbə barədə ən yaxşı halda, düşünə və arzu edə bilərdik.
3 ay əvvəl Xankəndiyə hətta humanitar yükləri belə göndərmək mümkün deyildi, bu gün isə cənab İlham Əliyevin ucaltdığı Azərbaycan Bayrağı altında, şəhidlərin körpə övladları Mehriban xanım Əliyevaya sarılıb idman yarışına tamaşa edir. Heç şübhəsiz ki, şəhidlərin ruhu Sizdən razıdır, cənab Prezident.
Sayənizdə artıq güllədən, qəlpədən uşaqlar ölmür, Xocalıda qadını əsir düşdüyü halda kişilərin tribunalarda özünə bəy dedirtdiyi saxta bəylik dövrləri arxada qalıb. Rəhbərliyiniz altında qələbə qazanaraq artıq özünə bəy deməyə haqqı çatan nəsillər yetişib.
Məhz cənab İlham Əliyevin personası sayəsində bu gün bölgəmizdə nə münaqişə var, nə separatizm.
Sirr deyil ki, Qərb neoimperializmi Cənubi Qafqazı da Ukrayna kimi qütblər arası qarşıdurmanın bataqlığına çevirməyi planlayırdı. Bir çox coğrafiyaları qütblərin savaş meydanına çevirə bilənlər Azərbaycan Lideri qarşısında aciz qalmalı oldu.
Beləliklə də, Qafqazı tarixinin ən qanlı müharibəsindən, qütblərin tapdağı olmaqdan xilas etdiyinə görə bu bölgənin hər bir sakini, hər bir gürcü, hər bir erməni, hər bir azərbaycanlı və regionun hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır.
Bu gün yeni və qüdrətli Azərbaycan var. Azərbaycan xalqı da gözəl bilir ki, qələbənin, inkişafın, təhlükəsizliyin və ən əsası, Azərbaycanın qüdrətinin qarantı şəxsən Sizsiniz!
Hakimiyyətinizin mənbəyi olan Azərbaycan Xalqı Sizinlədir!
Doğum gününüz mübarək, möhtərəm Prezident!
Allah Sizi, ailənizi və Azərbaycanı qorusun!
Tanrı Heydər Əliyev kursunu əbədi etsin!
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı