Dekabrın 25-də ümumi təhsil məktəblərini tam orta (XI sinif) təhsil səviyyəsi üzrə əvvəlki illərdə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda tam orta təhsil səviyyəsi üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Tam orta təhsil səviyyəsi üzrə rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) imtahan veriblər.
Qeyd edək ki, dekabrın 26-da isə ümumi orta (IX sinif) təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanları keçiriləcək.
Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
R.Mehdiyeva