“Bu günlərdə təkcə ölkənin idman ictimaiyyəti deyil, ümumilikdə Azərbaycan cəmiyyətinin, belə demək mümkünsə yaxın və uzaq qonşularımızın nəzər diqqəti Xankəndinə yönəlmişdi. Səbəb bəlli idi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa izləyicisi olduğu “Qarabağ”-MOİK qarşılaşması. İlk növbədə onu demək lazımdır ki, bu futbol qarşılaşmasının məhz Xankəndidə keçirilməsi təkcə bir idman yarışı deyildi, bunun həm də siyasi mənası vardı”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Bildirilib ki, dövlət başçısının stadionda çıxışı zamanı bir sıra vacib məqamlara toxundu:
“Cənab prezident Xankəndinin uzun illər separatizmin ocağına çevrildiyini, buradan Azərbaycana qarşı xain planlar hazırlandığını diqqətə çatdırdı. Dövlət başçısının da qeyd etdiyi kimi Xankəndini separatizmin mərkəzinə çevirən separatçılar və onlara himayədarlıq edən Ermənistan və ermənipərəst dairələr hesab edirdilər ki, bu belə davam edəcək. Ancaq Müzəffər Azərbaycan Ordusu və qalib Ali Baş Komandan cəmi 1 günlük antiterror tədbirləri ilə 30 ilə yaxın işğal altında olan digər şəhər və rayonlarımız kimi Xankəndini də işğaldan azad etdi, onu öz sahiblərinə qaytardı. İndi yenə də bu qədim yurd yerimiz onun tarixi sahibləri, Azərbaycan xalqı tərəfindən qurulur, inşa edilir, abadlaşdırılır”.
Analitik Qrup hesab edir ki, erməni ideoloqlarının antiAzərbaycan planlarının müzakirə edildiyi məkana çevrilən Xankəndidə, indi Azərbaycan bayrağı dalğalanır və cənab prezidentin də dediyi kimi üçrəngli bayrağımız Xankəndi daxil olmaqla bütün Qarabağda əbədi olaraq dalğalanacaq.
Qeyd edilib ki, “Qarabağ”-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsi həm də Azərbaycan Ordusuna, torpaqlarımızı işğaldan azad edərkən canlarını fəda edən şəhidlərimizə ehtiramın nümunəsi idi:
“Cənab Prezidentin məhz şəhid övladlarının əhatəsində futbol qarşılaşmasını izləməsi bunun əyani sübutudur”.
Anar Əliyev