1998-ci ildə əsası qoyulan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında dostluq əlaqələrinin inkişafında daim müsbət xidmətləri olmuş və bu Cəmiyyətin ətrafında çoxsaylı Özbək, Azərbaycanlı xadimlər, ziyalılar toplaşmışlar.
Newscenter.az xəbər verir ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazası əsasında fəaliyyət göstərir və Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsi nəzdində təşkil olunub.
Dostluq Cəmiyyətinin 25 illik yubileyi münasibəti ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində təşkil olunan “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda” adlı konfransda dövlət və hökumət nümayəndələri, deputatlar, Cəmiyyətin, Azərbaycan Mədəniyyət Mərkəzi və Dövlət Pedaqoji Universitetin rəhbərliyi, ictimaiyyət nümayəndələri, Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
İlk öncə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin foyesində təşkil olunan “Dostluğumuz əbədidir” adlı fotosərgi ilə tanışlıq olub. Sərgidə ötən illər ərzində Dostluq Cəmiyyətinin iki ölkə dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyəti, keçirilən tədbirlər, reallaşdırılan layihələr öz əksini tapıb.
Tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqafar Qırğızbayev Özbəkistan-Azərbaycan tarixi dostluğu haqqında danışaraq, bu əlaqələrin bugün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Universitetin bazasında təşkil olunan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında dostluğa, əməkdaşlığa daim töhvələr verdiyini qeyd edib və Cəmiyyətin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə reallaşdırdığı işlərin, layihələrin təqdiredici olduğunu vurğulayıb.
Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin rəhbəri Rüstəm Qurbanov Özbəkistanda bütün millətlərin dinc, qarşılıqlı hörmət, öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxlayaraq inkişaf etdirdiyini və ictimai işlərdə aktiv iştirakının təmin edildiyini vurğulayıb. Rüstəm Qurbanov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətini Özbəkistanda fəaliyyət göstərən bu qəbildən olan cəmiyyətlər arasında ən fəal olduğunu, ölkələrimiz arasında münasibətlərdə Cəmiyyətin də xidmətlərinin olduğunu qeyd edərək, Cəmiyyət rəhbərliyini 25 illik yubiley münasibəti ilə təbrik edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında münasibətlərin dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində yüksək səviyyəyə çatdırıldığını qeyd edərək, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin Dostluq Cəmiyyəti ilə sıx əməkdaşlığı nəticəsində son 10 il ərzində iki ölkə arasında dostluq və əməkdaşlığa dair yüzlərlə tədbir və layihələrin reallaşdırıldığını qeyd edib.
Samir Abbasov əsl dostun dar və çətin günlərdə tanındığını, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olarkən və 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin daim Azərbaycanın yanında olduğunu, işğalı pisləyən bəyanatlar verdiyini qeyd edərək, Özbək xalqı, dövlətinin həmişə Azərbaycanın haqq işinin dəstəklədiyini bildirib və buna görə öz minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov cəmiyyətin yaranma tarixindən, 25 illik fəaliyyətindən, Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində, yeni münasibətlərin, elmi, ədəbi, mədəni əlaqələrin qurulmasında həyata keçirilmiş layihələr, görülmüş işlər haqqında məlumat verib.
Çıxış edən digər qonaqlar - Özbəkistan Ali Məclisinin deputatları Gülbahar Saidqaniyeva və Oydin Abdullayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Əzizağa Nəcəfov dövlətlərimiz arasında mədəni, ədəbi, elmi əlaqələrdən söz açaraq Cəmiyyətin xalqlarımız arasında dostluq və əməkdaşlıq yolunda gördüyü işlərə və fəaliyyətlərinə nəzər salaraq, görülən işləri yüksək dəyərləndirmişlər. Onlar Türk dünyasının iki aparıcı ölkəsi – Özbəkistan və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, müstəqilliklərinin möhkəmləndirilməsi, dünya dövlətləri arasında nüfuzlarının yüksəlməsinin qürurverici olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Samir Abbasov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Erkin Nuriddinova üzərində Azərbaycan və Özbəkistan Prezidentlərinin rəsmləri olan Azərbaycan xalçası hədiyyə etdi.
Tədbirdə Dostluq Cəmiyyətinin 25 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələri tərəfindən Azərbaycana, Özbəkistana, eləcə də iki qardaş ölkənin dostluq münasibətlərinə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda, Özbəkistan-Azərbaycan dostluq münasibətlərində xidmətləri olan bir qrup şəxs Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Dövlətlərlə Dostluq Əlaqələri Komitəsi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindin fəxri fərmanlarla təltif edilib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə adıçəkilən qurumlara xatirə hədiyyələri təqdim olunub.
S.İsmayılbıyli