Bakıda Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.
Newscenter.az xəbər verir ki, olimpiadaların şəhər mərhələsi dekabrın 24-də paytaxtdakı 25 mərkəzdə (32, 259, 95, 276, 3, 189-190, 164, 44, MLK, 36, 74, 271, 18, 53, 139, 124, 114, 275, 96, 13, 253, 26 nömrəli tam orta məktəblər) təşkil edilib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev imtahan prosesinin gedişatını izləyiblər.
IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə təşkil olunub. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.
Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 16 dekabrda, X-XI siniflər üçün 17 dekabrda təşkil olunub.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə fənlərə olan marağı artırmaq, özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkara çıxarmaq, onların potensial imkanlarının inkişafına təkan vermək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına zəmin yaratmaqdan ibarətdir.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.
R.Mehdiyeva