"Hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Ümumiyyətlə isə ölkəmizin alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, ölkəmizdə bərpaolunan enerji potensialının yüksək olması isə təbii olaraq istər Qarabağda, istərsə də Naxçıvan Muxtar Respublikasında yaşıl enerji layihələrinin həyata keçirilmsinə beynəlxaq marağı daha da artıracaq:
"Məlumdur ki, Respublikamız artıq 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisin istehsal ediləcəyi, bu həcmin 10 qiqavatının “Masdar” şirkəti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb.
Göründüyü kimi həm artıq görülmüş işlər, həm də qarşıya qoyulan hədəflər ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı davamlı mübarizə apardığını əyani şəkildə sübut edir. Bu isə təbii olaraq beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilir".
Yusif Bağırzadənin sözlərinə görə, məhz bunun nəticəsidir ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu qərar dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir.
S.İsmayılbəyli