Fransanın Evian-le Ben şəhərindəki “Azərbaycan parkı”ında ölkəmizə aid bütün məlumatların silinməsi və eyni zamanda həmin parkda yerləşən azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsinin söküləcəyinin elan edilməsi əslində Fransanın özünü ifşa edir. Fransız vandalizmi üzə çıxır, Fransanın barbar ölkə olduğu aşkar olur. Bu ölkənin hakim dairələrinin ksenofobiyadan, islamofobiyadan, türkəfobiyadan və digər fobiyalardan əziyyət çəkmələri faktı bir daha təsdiqlənir. Fransanın prezidentindən və senatorlarından tutmuş şəhər merlərinə qədər, bir çox rəsmilərin anti-Azərbaycan mövqeyi nümayiş etdirməsi onların qatı ermənipərəstliyini ortaya qoyur.
Fransanın “La Tribune” portalında bu ölkənin bir qrup seçkili orqanının nümayəndələrinin imzaladığı kollektiv məqalənin dərc edilməsi və özlərini Ermənistanın dostu kimi qələmə verən həmin şəxslərin ölkəmizə qarşı qəbuledilməz ittihamlar səsləndirirərək BMT-nin COP29-un Bakıda keçirilməsi qərarına etiraz bildirməsi isə bu ölkənin Azərbaycana qarşı bütün istiqamətlərdən hücuma keçməsindən xəbər verir. COP29-un Parisdə keçirilməsinə can atan Fransa hökumətinin səylərinin puça çıxması və bu mötəbər tədbirə ev sahibliyi hüququnun Bakıya verilməsi Yelisey Sarayında oturanları qəzəbləndirir. Azərbaycanın bu uğurunu həzm edə bilməyən rəsmi Paris Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa əl atır. Ancaq Parisin seçdiyi bu yol Fransanın özü üçün zərərlidir.
Fransanın hakim dairələri, siyasi elitası, media mənsubları və ziyalıları ölkəmizə qarşı bu qədər açıq barbarca hərəkətlərdən, Azərbaycanofobiyadan əl çəkməlidirlər. Azərbaycanlı şairənin heykəlindən qisas almaq özünü “dünya mədəniyyətinin mərkəzi” hesab edən Fransaya başucalığı gətirmir. Makron Fransası nəhayət ki, 44 günlük müharibənin də, 24 saatlıq lokal antiterror əməliyyatının nəticələri ilə barışmalıdır. Rəsmi Paris Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağı öyrənməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri