Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl sərəncam imzalayıb.
Newscenter.az-ın xəbərinə görə, dövlət başçısının məlum sərəncamına diqqət çəkən “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, sözügedən sənəd Azərbaycan dövləti və onun ali rəhbərinin ətraf mühitə, qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə nə qədər diqqət ayırdığı, bu prosesə fayda vermək əzmində olduğunu ortaya qoyur:
“Olduqca mühüm sərəncamdır və əhəmiyyətlidir. Bu sərəncam həm də Azərbaycanın qlobal miqyaslı problemlərin həllində necə təşəbbüskar olduğunu, bu istiqamətlərdə beynəlxalq ictimaiyyətlə birgə çalışmağa maraqlı göründüyünü ortaya qoyur. Dövlət başçısının sərəncamında da qeyd edildiyi kimi Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.
Arzuman Muradlı deyib ki, sərəncamın digər mühüm əhəmiyyət kəsb edən tərəfi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilinə təsadüf etməsidir:
“Bu sərəncam sözügedən sessiyanın əhəmiyyətini, ona olan marağı daha da artıracaq. Bu həm də Azərbaycanın sözü ilə əməlinin vəhdət təşkil etdiyinin göstəricisidir”.
Arzuman Muradlı onu da deyib ki, Azərbaycanda bu təcrübə uzun illərdir davam edir və hər il qlobal xarakterli bir məsələyə həsr olunur:
“2010-cu ilin Ekologiya, 2016-cı ilin Multikulturalizm, 2017-ci ilin İslam Həmrəyliyi İli kimi elan edilməsi fonunda bunu aydın görürük”.
İctimai birlik sədri onu da deyib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Qarabağa beynəlxalq marağın artmasına, orada yaşıl enerjinin inkişaf etdirilməsinə də mühüm mənada öz təsirini göstərəcək.
Süleyman