Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2023-cü il üzrə ölkə mətbuatı, ictimaiyyəti arasında, Azərbaycan, habelə iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair elan edilmiş müsabiqənin mükafatlandırma mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, 2013-cü ildən Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilməyə başlanan bu müsabiqə hər il keçirilir və müsabiqədə elan olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan arasında dostluğuna dair ən çox materiallar dərc edən mətbu orqanlar”, dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görülürlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən bu ilki mərasim xüsusi ilə fərqlənib. Mərasim həm də Heydər Əliyev ilinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Samir Abbasov ötən ilin yekunları, Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlığın inkişaf etdiyini, mədəni əlaqələrdə xeyli tədbir və layihələrin reallaşdığını bildirib. O, Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində Azərbaycan mədəniyyəti həftəliyi, Şuşa günləri, Azərbaycan kinosu günlərinin və Bakıda isə Özbəkistan mədəniyyət günlərinin təşkil edildiyini qeyd edib.
Samir Abbasov dövlət başçılarımızın qarşılıqlı səfərləri, Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistan dövlətinin layihəsi məktəb inşası və onun açılışını, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılışı, Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində Azərbaycanın guşəsinin yaradılmasını il ərzində yaddaqalan hadisə kimi dəyərləndirib.
Samir Abbasov ənənəvi mövzularla yanaşı bu il müsabiqəyə “Heydər Əliyev və Türk dünyası, Özbəkistan”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nominasiyaların da daxil edildiyini qeyd edib.
Daha sonra çıxış edən Özbəkistan Jurnalistlər İttifaqının sədr müavini Akbarhon Maqdiyev ölkələrimiz arasında mədəniyyət və mətbuat sahələrində əlaqələrin durmadan inkişaf etdiyini, müsabiqədə 2023-cü ilin Prezident Şavkat Mirziyoyev tərəfindən ölkədə “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunmasını nəzərə alaraq xüsusi nominasiya müəyyənləşdirildiyini qeyd edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanın yerli KİV-ləri ilə sıx əməkdaşlıq qurduğunu və bunun nəticəsində əvvəlki illərlə müqayisədə hər il yerli mətbuatda Azərbaycana dair 500-dən artıq məqalə və verilişlərin yayımlandığını vurğulayıb.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
2023-cü ildə “Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığına dair ilin ən yaxşı televiziya verilişi” nominasiyası üzrə mükafata Özbəkistanın “Sevimli TV” telekanalının aparıcısı Niqora Elmurodova, Özbəkistan Milli Teleradio Şirkətinin “Özbəkistan ümumi evimizdir” verilişinin rejissoru və aparıcısı Mirzahamamdam Avazov və Bektoş Azimov, Özbəkistanın “Zamon TV” telekanalının aparıcısı Nazira Ubaydullayeva layiq görülüblər.
Özbəkistanda Azərbaycana dair İlin ən yaxşı layihəsi nominasiyası üzrə mükafatlar Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin yaradılması layihəsi üçün və Özbəkistan gənclər təşkilatının “İbrat Farzandlari” layihəsinin rəhbəri Rüstəm Qoriyev İnternetin youtube onlayn platformasında Azərbaycan dilinin onlayn tədrisi layihəsi üçün təqdim olunub.
“Azərbaycan-Özbəkistan dostluq əlaqələrini təbliğ edən Özbəkistanın ən fəal mədəniyyət və elm xadimi” nominasiyası üzrə mükafata Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru, dosent Eldar Şermanov və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Firuzə İkramxanova layiq görülüblər.
2023-cü ildə Özbəkistanda “İlin ən maraqlı mədəniyyət layihəsi” nominasiyası üzrə isə Özbəkistanın Muqimi adına Dövlət Musiqili Teatrı tərəfindən səhnələşdirilmiş “Qaynana” musiqili komediya tamaşası və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Musiqi-teatr truppası tərəfindən səhnələşdirilmiş ”Arşın mal alan” musiqili komediya tamaşası, habelə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Məni sevib qalsaydın” klipi üçün “ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov mükafatlandırılıblar.
2023-cü ildə Özbəkistan mətbuatında “Heydər Əliyev - Türk dünyası-Özbəkistan” mövzusunda ilin məqalələri nominasiyası üzrə mükafatlar Özbəkistanın “aniq.uz” saytının jurnalisti Nizomjon İslomova və Özbəkistanın “darakchi.uz” saytının jurnalisti Karim Zaripova təqdim edilib.
“Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığını geniş təbliğ edən azərbaycanlı ziyalı” nominasiyası üzrə Özbək və Qaraqalpaq ədəbiyyatına dair çoxsaylı tədqiqatlarına görə Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, türkoloq, ədəbiyyatşünas - tənqidçi, Azərbaycanın əməkdar müəllimi Nizami Tağısoy mükafata layiq görülüb.
Özbəkistanda Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat layihəsi nominasiyası üzrə Maqsud Şeyxzadə irsinin öyrənilməsi, tədqiqi və təbliğinə dair-elmi tədqiqat əsərinə görə Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin dosenti Aybibi İskəndərova, “İlin ən yaxşı tərcümə-nəşr layihəsi” nominasiyası üzrə isə tərcüməçi, şair Rahmatcon Babacanov mükafatlandırılıblar.
2023-ci ildə “Azərbaycan-Özbəkistan dostluğunu, əməkdaşlığını təbliğ edən azərbaycanlı jurnalistlər” nominasiyası üzrə Azərbaycanın “Trend.az” və “Newscenter.az” saytların jurnalistləri Vüqar İmanov və Süleyman İsmayılbəyli layiq görülüblər.
“Azərbaycan milli musiqisinin Özbəkistanda geniş təbliği” nominasiyası üzrə ilin mükafatı Özbəkistanda tanınmış Azərbaycanlı saz ustadı İlham Abdullayev və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin dosenti Davron Kadirova təqdim edilib.
Mükafatlandırma mərasiminin sonunda Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru, dosent Eldor Şermanov, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva və Özbəkistanın Gənclərlərlə İş Agentliyinin “İbrat Farzandlari” layihəsinin rəhbəri Rüstəm Qoriyev çıxış edərək mükafatlara görə öz təşəkkürlərini bildirərək bu mükafatların onların fəaliyyətlərinə verilmiş dəyər, diqqət kimi qarşıladıqlarını, bundan sonra da Azərbyacanla dostluq əlaqələrinə xüsusi önəm verəcəklərini vurğulayaraq Azərbaycan dövlətinə öz səmimi təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli musiqilərindən ibarət bədii - musiqili proqram təqdim olunub.
S.İsmayılbəyli