Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib

Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib


Opera və klassik musiqi ifaçılığı sahəsində dünyanın tanınmış müğənnilərindən olan yaponiyalı Masaşi Tomosuqi paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində maraqlı konsert proqramı ilə çıxış edib.

Newscenter.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə təşkilatçılığı keçirilən konsertin məqsədi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə vermək, həmçinin gənc nəslin opera və klassik musiqi ilə yaxından tanışlığına imkan yaratmaq, onlarda müasir bədii-estetik zövqün formalaşmasına müsbət təsir göstərmək olub.

Dünyanın böyük səhnələrində çıxış edən və opera sənətinin mərkəzi sayılan İtaliyada yaşayıb işləyən Masaşi Tomosuqi “Qobu Park”dakı Zəngilan rayon 20 saylı tam orta məktəbin akt zalında da öz ifalarını eyni ustalıq və coşğunluqla təqdim edib. O, məşhur operalardan partiyalar və klassik musiqi parçaları ilə yanaşı, unudulmaz Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin repertuarından “O more, more” (“Ah dəniz, dəniz”) mahnısını da şövqlə oxuyub.

Müğənnini fortepianoda həmyerlisi xanım Misato Sasaki müşaiyət edib.

Konsertin xüsusi qonaqlarının – Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış kompleksində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədovun və onun şagirdlərinin yaponiyalı müğənni ilə birgə ifa etdikləri, musiqisi Üzeyir Hacıbəyova, sözləri Məhəmməd Füzuliyə məxsus “Sevgili canan” romansı tamaşaçılar tərəfindən süərkli alqışlarla qarşılanıb.

Azərbaycana ikinci dəfədir gələn Masaşi Tomosuqi məcburi köçkün məktəblilərin və onların valideynlərinin qarşısında çıxış etməkdən məmnun qaldığını, mədəniyyətlərarası mübadiləni artırmaq üçün bundan sonra da əməkdaşlığı davam etdirmək fikrində olduğunu bildirib.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

R.Mehdiyeva
Xəbəri paylaş