Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Agentura şəbəkəsinin ifşası Fransa hakimiyyətinin düşdüyü aciz vəziyyəti göstərir

Agentura şəbəkəsinin ifşası Fransa hakimiyyətinin düşdüyü aciz vəziyyəti göstərir


Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərək bəzi qüvvələrin 200 illik planlarını alt-üst etdi. Ölkəmiz sübut etdi ki, dövlətin müstəqilliyinin əsasını təşkil edən siyasi, iqtisadi və hərbi təhlükəsizliyini özü təmin edə biləcək gücdədir.

Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir, siyasi, iqtisadi və hərbi üstünlüyə malikdir. Ona görə ölkəmizə qarşı bəzi qüvvələrin marağı var. Həmin qüvvələr də iki yerə bölünür. Türkiyə və Çin, həmçinin Orta Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın bəzi ölkələri öz maraqlarını bərabərtərəfli, siyasi, iqtisadi əməkdaşlıq əsasında qurur. Azərbaycanın və regionun coğrafi mövqeyinin verdiyi üstünlüklərdən birgə faydalanmağa çalışırlar. Digər ikinci qüvvələr isə təzyiq, şantaj, qarayaxma və agentura şəbəkələri vasitəsilə öz maraqlarına çatmaq istəyirlər. İkinci qüvvələr Cənubi Qafqazın digər ölkələrində kök sala bilsələr də, regiona tam hakim ola bilmədilər. Buna görə də onların Azərbaycanla bağlı planları daha da intensivləşib.

Newscenter.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Onun sözlərinə görə, Qələbədən sonra regionda Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməyən, bölgədə qalmaq və ya öz mövqelərini möhkəmləndirmək üçün dövlət əxlaqından kənar yollar axtaran Rusiya, İran və ABŞ agentura şəbəkəsindən sonra Fransanın da eyni ideyalı şəxslərinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunması dövlətimizin onlara verdiyi tutarlı cavabdır: “ATƏT-in Minsk qrupunun üzvü olan zaman bacarıqsız və faydasız fəaliyyəti, 44 günlük Vətən müharibəsi və ondan sonrakı müddətdə ölkəmizə qarşı beynəlxalq təşkilatlarda apardığı şər-böhtan kampaniyası, Azərbaycana təzyiq etmək üçün qərar və qətnamələrin qəbuluna çalışması, vasitəçilik adı altında ölkələrin daxili işinə qarışması cəhdi Fransa dövlətinin beynəlxalq hüquqa qarşı böyük hörmətsizliyidir. Rəsmi Parisin ölkəmizdəki səfirliyinin iki əməkdaşının Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxs elan olunması onu göstərir ki, Fransa səfirliyi agentura şəbəkəsinin mərkəzidir. Belə şəbəkənin ifşa olunması isə Emmanuel Makron hakimiyyətinin növbəti fiaskosudur. Bundan sonra Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernard Emienin də vəzifəsindən azad edilməsi bu ölkənin Azərbaycanda qarşılaşdığı biabırçılığı örtmək cəhdidir”.

Politoloq qeyd edib ki, E.Makron hakimiyyətinin Afrikadan Qafqaza qədər olan xarici siyasəti iflasa uğrayıb. Bu səhv siyasət nəticəsində Fransanın bütün dünyada nüfuzu zəifləyib, mövqeləri sıradan çıxıb. Beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana qarşı uğursuz xarici siyasət və Azərbaycan–Ermənistan sülh danışıqlarında vasitəçilik missiyasından qovulmasından sonra agentura şəbəkəsinin də ifşa olunması BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun üzvü olan Fransa hakimiyyətinin düşdüyü aciz vəziyyəti göstərir.

“Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik və kəşfiyyat orqanları başqa ölkələrin agentura şəbəkələrinə qarşı apardığı əməliyyatlarla bir daha göstərdi ki, dövlətimizə yönələn bütün təxribatların qarşısını almaq gücündədir. Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycanla güc, şantaj və beynəlxalq hüquqdan kənar vasitələrlə danışmaq mümkün deyil, bizimlə ancaq bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək olar”, - deyə Y.Hacızadə vurğulayıb.
Xəbəri paylaş