Məlum olduğu kimi 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcəyini rəsmən bəyan edib. Seçkilərdə iştirakla bağlı namizədliklərin irəli sürülməsi prosedurunda AVP-nin keçmiş sədr müavini Zahid Orucun da ölkənin bir nömrəli postuna iddia etdiyi məlum oldu. Uzun illər sözügedən partiyada sədr müavini olan Zahid Orucun hələ də partiyada yaxın çevrəsinin olduğu mümkündür. Belə olan halda ana vətənçilərdən Zahid Oruca səs verən olarmı?
Newscenter.az-a Ana Vətən Partiyasından daxil olan açıqlamada partiyanın seçiminin bəlli olduğu və bunun cəmiyyətə çatdırıldığı bir daha ifadə olunub. Partiyadan bildirilib ki, ana vətənçilərin mütləq əksəriyyəti 7 fevral seçkilərində İlham Əliyevə səs verəcəklər:
"Partiyada Zahid Oruca rəğbət bəsləyən şəxslərin olması mümkündür. Ancaq bu o demək deyil ki, onlar seçkilərdə Zahid Oruca səs verəcəklər. Ana vətənçilər partiyanın istənilən qərarına hörmətlə yanaşır və həmin qərara uyğun addım atırlar",- deyə açıqlamada bildirilib.
Anar Əliyev