10 nömrəli internat məktəbinin şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Kitab Mərkəzində olublar.
Newscenter.az xəbər verir ki, uşaqlar üçün hazırlanmış “Bir olaq, birgə şənlənək” adlı bayram tədbiri Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Kitab Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında həmrəliyin önəmini təbliğ etmək, onlara birlik, bərabərlik kimi dəyərləri aşılamaqdan ibarətdir.
Öncə qonaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə nağıl qəhrəmanları rəngarəng çıxışlardan ibarət əyləncəli konsert proqramı təqdim ediblər. Konsert proqramında mərkəzin dərnək üzvləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunan mahnılar səsləndirib, rəqs qruplarının ifasında maraqlı kompozisiyalar nümayiş etdirilib.
Sonda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi adından internat məktəbinin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.
R.Mehdiyeva