Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.
Newscenter.az AHK-nin mətbuat xidmətinə istinadən həmin təbrik mətnini təqdim edir:
Əziz həmvətənlər, dəyərli dostlar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ilinin gəlişi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hər biriniz yeni ildə arzuladığınız muradınıza, diləklərinizə yetişəsiniz. Gələcək günləriniz yeni uğurlarınızla, sevinc hisslərinizlə dolu olsun!
Biz Ulu Öndərimiz Heydər Əliyevin 100-cü ilini - 2023-cü ili Qalib Xalq kimi, Qalib Dövlət kimi başa vururuq. 2023-cü il Azərbaycan tarixinə həqiqətən də qızıl hərflərlə yazıldı, Xankəndi ilə bağlı həsrət dolu arzularımız gerçəkləşdi. Şanlı Ordumuz 2023-cü ilin 19-20 sentyabrında, cəmi 23 saat ərzində möhtəşəm antiterror əməliyyatı keçirərək Qarabağda separatizmə həmişəlik son qoydu, suverenliyimizi tam bərpa etdi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz İlham Əliyev Xankəndinin mərkəzi meydanında üçrəngli dövlət bayrağımızı ucaltdı. Noyabrın 8-də Xankəndidə Zəfər paradı keçirdik. Dekabrın 21-də isə Xankəndi stadionunda 30 ildən sonra ilk dəfə “Qarabağ” və MOİK komandalarının iştirakı ilə Zəfər matçı baş tutdu.
Və budur, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili də 30 ildən sonra ilk dəfədir Xankəndimizlə birlikdə qarşılayırıq. Beləliklə, Azərbaycan xalqı 2023-cü ili dünyanın ən şanslı, ən uğurlu, ən güclü və ən xoşbəxt xalqı kimi başa vurur. Arzu edək ki, 2024-cü il də Qarabağa, Şərqi Zəngəzura, Qərbi Zəngəzura Böyük Qayıdış ilimiz kimi tarixə düşsün.
Bizim hər birimiz Xalqımızla, Dövlətimizlə, Ordumuzla, Ali Baş Komandanımızla ürəkdən fəxr edirik. Qazilərimizin qəhrəmanlığı ilə qürur duyuruq, Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər hər bir azərbaycanlının başını ucaltdı. Biz böyük və mübariz xalq olduğumuzu bütün dünyaya isbatladıq, nümayiş etdirdik. Bəli, indi azərbaycanlı olmağın qürurunu yaşamaq həqiqətən də çox möhtəşəm bir hissdir.
Əminəm ki, 2024-cü il də Azərbaycan üçün və bütün Türk dünyası üçün xeyirli, uğurlu bir il olacaq. 2024-cü ildə bütün dünya Azərbaycandan danışacaq, Azərbaycan haqqında danışacaq. Bakı 2024-cü ildə dünyanın ən mötəbər zirvə toplantılarından birinə - COP29-a ev sahibliyi edəcək. Biz bütün dünyada iqlim dəyişikliklərinə qarşı mübarizənin lideri kimi tanınacayıq. Azərbaycanlılar Yaşıl enerjiyə keçidi ən fəal surətdə dəstəkləyən xalq kimi tarixə düşəcək.
Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə Həmrəylik ili” elan etməsi xalqımızın humanizm keyfiyyətlərinin, dövlətimizin sülhpərvərliyinin əyani nümayişi üçün yeni imkanlar açacaq. Azərbaycan 2024-cü ili bütün dünya xalqları və dövlətləri üçün sülh və əmin-amanlıq ilinə, həmrəylik və əməkdaşlıq ilinə çevirəcək. Beynəlxalq birlik Qalib Azərbaycan xalqının yaradıcı, qurucu, humanist cəhətləri ilə əyani tanışlıq imkanı qazanacaq. Ölkəmiz ali dəyərlərin təbliği mərkəzi kimi çıxış edəcək. Əminəm ki, Azərbaycan bu çətin və şərəfli missiyanın da öhdəsindən layiqincə gələcək. Hətta Fransa kimi qatı ksenofob və türkəfob ölkələr də Azərbaycanın nüfuzu və mövqeyi ilə hesablaşmalı olacaq.
Mən Azərbaycan Həmrəylik Komitəsinin üzvləri adından və öz adımdan Azərbaycan xalqına və dövlətinə 2024-cü ildə böyük uğurlara imza atmağı diləyir, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla bütün xalqımızı, dünya azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm.
Qoy, yeni ildə hər bir soydaşımız sevgi və sevinc dolu, sağlam bir həyat yaşasın. Uca Tanrı bütün həmvətənlərimizə hər ilin bu gününü ümummilli birlik, həmrəylik bayramı kimi coşqu ilə qeyd etməyi nəsib eləsin. Milli həmrəyliyimizin simvolu olan üçrəngli bayrağımız başımızın üzərində daim əzəmətlə dalğalansın. Həmişə BİR olaq, həmrəy olaq!
Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri