Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlərin 3-cü dalğası üçün seçim prosesi başa çatıb.
Bu barədə Newscenter.az-a Agentlikdən bildirilib.
Məlumata görə, təlimlərə müraciət noyabrın 25-dən başlayıb və bu dövrdə qeydiyyatdan keçmiş 1 907 namizəddən 227-si seçilərək imtahan mərhələsinə vəsiqə qazanıb. Bu mərhələni uğurla keçərək müsahibəyə cəlb olunan 107 namizəddən ən yüksək göstəricilərə sahib 60 nəfər mərkəzdə tam təqaüdlü təhsil hüququ əldə edib.
3-cü təlim dalğası üzrə dərslər 22 yanvar 2024-cü ildən başlayacaq. Proqrama qəbul olunanlara israilli müəllimlər “Technion”un təlim proqramına əsasən dərslər keçəcək, nəzəri və praktiki biliklər öyrədəcək. Təlimlər 6 ay müddətində həftəiçi saat 09:00-dan 18:00-a qədər davam edəcək.
Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup üzrə mütəxəssislər hazırlanacaq. Komandalar tədris müddətində yarışlar (CTF) və hakatonlarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “Technion”un birgə rəsmi sertifikatı təqdim olunacaq.
Sona