"Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində hər zaman olduğu kimi, mühüm mesajlar verdi.
Dövlət başçısı çıxışında insanları maraqlandıran bir çox vacib məqamlara aydınlıq gətirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, bu il ölkə iqtisadiyyatı, həm də müdafiə sənayesi ilə bağlı önəmli işlərin görüləcəyini bəyan etdi:
"Beləliklə 2024-cü il həm Böyük Qayıdış, həm inkişaf, həm də tərəqqi ili olacaq. Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək, müdafiə sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılacaq.
2023-cü il Azərbaycan tarixində bir çox mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində qələbəmiz, dövlətçiliyimiz və müstəqilliyimiz daha da möhkəmləndi. Ən əsası Azərbaycan öz suverenliyini bütün ərazilərində təmin etdi. Bu gün Azərbaycan bayrağı Xankəndi, Xocalı, Xocavənd və işğaldan azad olunmuş digər ərazilərimizdə qürurla dalğalanır".
Deputat bildirib ki, prezidentin çıxışında önəmli məqamlardan biri işğaldan azad olmuş ərazilərə insanların köçürülməsi ilə bağlı idi:
"Dövlət başçısı qeyd etdi ki, Kərkicahan, Malıbəyli, Turşsunun bərpa olunaraq əhalinin ora köçürülməsi, həmçinin gələn ildən etibarən Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıtması istiqamətində ciddi işlər gedir. Artıq əksər rayonlarımızda evlər tikilir və insanlar mərhələli şəkildə köçürülür. Quruculuq-bərpa işləri sürətlə həyata keçirilir.
Dövlət başçımız xaricdə yaşayan azərbaycanlılardan da bəhs edərək onların maraq və mənafeyinin qorunmasının Azərbaycan dövlətinin başlıca vəzifələrindən hesab etdiyini qeyd etdi. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Hazırda cənab prezidentin ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Beləliklə tam əminliklə söyləyə bilərik ki, 2024-cü il Azərbaycan üçün növbəti bir tərəqqi və inkişaf ili olacaq. Qələbəmiz daha da möhkəmlənəcək, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdiriləcək".
Süleyman İsmayilbəyli