Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-dan fərqli olaraq Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur

ABŞ-dan fərqli olaraq Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur


"Amerika Dövlət Departamenti çox gözəl bilir ki, ABŞ-dan fərqli olaraq Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur!".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayan ABŞ Dövlət Departamenti Azərbaycana qarşı növbəti qərəzini, ədalətsiz mövqeyini nümayiş etdirib:

"Belə ki, bütün dünyada tolerant və multikultural bir ölkə kimi tanınan Azərbaycanın dini azadlıqlarla bağlı siyahıya daxil edilməsi siyasi sifariş və ikili standartlardan başqa bir şey deyil.

Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, reallıqla heç bir əlaqəsi olmayan bu hesabat erməni Daniella Aşbaxyan tərəfindən tərtib edilib. İrqi və dini ayrı-seçkiliyin ən yüksək səviyyədə olduğu Amerikanın Azərbaycana qarşı belə bir iddia ilə çıxış etməsi qəbuledilməzdir və tamamilə əsassızdır".

Deputatın sözlərinə görə, Amerika Dövlət Departamenti çox gözəl bilir ki, ABŞ-dan fərqli olaraq Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur, onların milli mənəvi və mədəni dəyərlərinə hörmətlə yanaşılır:

"Azərbaycanda Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı regionlar Yeparxiyasının tabeliyində olan 5 kilsənin fəaliyyəti, yəhudilərin dini ibadət yerləri olan sinaqoqlar, həmçinin Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsi bunun bariz göstəricisidir. Bu isə onu göstərir ki, tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda bütün dinlər və onların mənsubları bərabər hüquqludur. Və təbii olaraq ölkəmizdəki qeyri-azərbaycanlılar da öz dini inanclarını maneəsiz şəkildə yaşayırlar.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz.

ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqlarla bağlı siyahıya daxil etməsini absurd, əsassız və qərəzli hesab edir, Azərbaycanın adının həmin siyahıdan dərhal çıxarılmasını tələb edirəm".

R.Mehdiyeva
Xəbəri paylaş