"ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı dini etiqad azadlığının pozulduğu ölkələr arasında sıralamasında ziddiyyətli məqamlar var. Əslində dünyada baş verən hadisələrə nəzər salaq, bu məqamları görmək heç də çətin deyil. Dini etiqad azadlığının məhdudlaşdırılması və yaxud da məhz insanların dini etiqadından dolayı etnik və irqi ayrıseçkiliyə məruz qaldığını biz məhz ABŞ və Avropa ölkələrinin bir çoxunda zaman-zaman müşahidə etmişik".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Avropanın böyük ölkələrində, xüsusilə də Fransa kimi bir ölkədə hətta dövlət tərəfindən insanların məhz etiqad azadlığlıqlarına təcavüz edilib:
"Hazırda bir çox ölkələrdə etiqad və dini baxımdan etnik təmizləmə siyasəti aparılır və ABŞ kimi ölkələr bunu görməzdən gəlir".
Çingiz Şahbazi deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxladığı şəhər və rayonlarında erməni separatçılarının məhz etiqad və dini nöqteyi nəzərdən törətdiyi vəhşiliklərə dünya ölkələri səssiz qaldı:
"Yaxın Şərqdə bu gün baş verən hadisələr, etnik təmizləmə siyasəti məhz ABŞ və Qərbin dəstəyindən qaynaqlanır. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda ABŞ dövlət katibinin bəyanatı ölkəmizə qarşı aparılan çirkin iftiradır və Azərbaycan bütün dönəmlərdə tolerant ölkə kimi bütün xalqların və bütün dinlərin nümayəndələri üçün ən əlverişli mövqedə olub və bu indi də davam edir".
Anar Əliyev