"Azərbaycan dini etiqad azadlığına görə digər ölkələrə nümunə ola biləcək bir dövlətdir. Azərbaycanda müxtəlif dini qurumların sərbəst şəkildə fəaliyyət göstərməsi üçün tam şərait yaradılıb".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırmasını şərh edərkən səsləndirib. O bildirib ki. əksinə Azərbaycanda dini dözümlülük bir çox ölkələrdən daha yüksəkdir və bəzən bəzi radikal qruplar bundan suistifadə də edirlər:
"Bu da xoşagəlməz nəticələrə gətirib çıxara bilir, ona görə hesab edirəm ki, bu sahədə dövlət siyasəti çox düzgün tənzimlənir, dini abidələrin qorunması və bərpasına da dövlət xüsusi diqqət ayırır".
Politoloq deyib ki, işğaldan azad olunmuş ərazilərdə erməni qəsbkarlarının dini abidələrimizi hansı vəziyyətə qoyması ilə bağlı yetərincə görüntülər var:
"Əksinə Azərbaycan çalışır ki, dini abidələr və irs qorunsun. Azərbaycan bu sahədə, yəni dinlərin dialoq məkanı hesab edilə biləcək bir nümunə ölkəsi olduğu halda ABŞ Dövlət Departamentinin belə bir hesabatı təəccüb doğurur. Bütün dinlər Azərbaycanda birmənalı şəkildə azaddır və insanların etiqad etməsi üçün lazımı şərait yaradılıbdır".
Anar Əliyev