Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belçika qəzetlərinə müsahibəsində deyib ki, vəzifəsini vaxtından əvvəl tərk edə bilər. O, Avropa Parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.
Diqqətçəkən əsas məqam isə onu əvəzləyəcək ehtimal şəxsdir. Belə ki, Şarl Mişelin vəzifədən getməsindən sonra yeni sədr təyinatı barədə qısa zamanda razılıq əldə olunmasa, Şuraya Macarıstanın Baş naziri Viktor Orban rəhbərlik edəcək.
Macarıstan və Azərbaycan iki mühüm tərəfdaş, ortaq ölkələrdir. Baş nazir Viktor Orban ilə Prezident İlham Əliyev arasında da dostluq münasibəti var. Yəni Aİ Şurasına Viktor Orban sədrlik etsə, rəsmi Bakı yenidən Brüssel formatında keçiriləcək görüşlərə qatıla bilər. Hətta Ermənistan ilə Azərbaycan arasında ilkin sülh sənədi məhz Brüsseldə imzalana bilər.
Azərbaycanın Brüssel formatından imtina etməsinin ən böyük səbəbi Şarl Mişelin Fransa Prezidenti Emmanuel Makron ilə birlikdə Azərbaycan əleyhinə sərgilədiyi mövqe və verdiyi bəyanatlar oldu. Viktor Orban sədrliyi isə Bakı üçün daha məqbul sayılır.
Rəsmi Bakı indiki məqamda münaqişənin bitməsini çox istəyir. Bu istiqamətdə sülhün əldə edilməsi üçün regional formatlarda keçiriləcək görüşlərə, ya da Ermənistanla birbaşa ikili danışıqlara üstünlük verir. Lakin V.Orbanın sədrliyi ilə Brüssel görüşlərinə yenidən nəzər yetirmək olar.
Bununla belə V.Orbanın sədr olması elə də asan deyil. Fransa bunun olmaması üçün maksimum səy göstərəcək. Rəsmi Paris Şarl Mişelin vəzifədən getməsindən sonra Aİ Şurasının yeni sədr təyinatını tezləşdirə, hətta öz maraqlarına uyacaq şəxsin seçilməsi üçün əlindən gələni edə bilər. Belə olacağı təqdirdə isə Bakının mövqeyi dəyişməz olaraq qalacaq və onsuz da gündəmdə olmayan Brüssel görüşləri tarixə qovuşacaq.
Turan Rzayev-politoloq