31 dekabr təbrik mesajlarından tam əmin oldum ki, bu gün bizim, yəni dünya azərbaycanlıların həmrəy olduğu gün imiş. Ən azı şablon söz və şəkillər belə həmrəylik günündə dünya azərbaycanlılarının mobil telefonlarının ekranında həmrəngcəsinə əks olunurdu. Ölkə sərhədlərimizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların həmrəyliyi nəticəsində hansı uğurlarımız var? Bu var olan həmrəyliyimizdən bixəbər olmamaq üçün gərək diaspora rəhbərinin qapısında astana qalaq. Və sonda 40-cı qapıda kimsə üzümüzə, “apardığımız səmərəli fəaliyyətin nəticəsi göz önündə, dünya azərbaycanlıları artıq "üçbacı" dolmasının, paralel olaraq “Sarı gəlin” şarkısının bizim mədəniyyət nümunəsi olduğu fikrində yekdildir”, deyib dirənsə, fəaliyyətin bu müstəvidə aparılması geniş məfhumu özündə ehtiva edən dünya azərbaycanlılarının həmrəyliyi adına üzücü olduğunu anlatmağa lüzum yoxdur. Ümumiyyətlə biz Biləcəridən o tərəfə keçəndə yekdilliklə bir əməlin sahibi ola bilirikmi?
Nəticə hasil etmək üçün baş vermiş olaylara nəzər salaq. Bəndənin acı xatirəsi bundan ibarətdir ki, qoca Sibirdə həmyerlimiz Cəmilin dəfninə yetişəndə o, “morqd”a kitab əhlindən olanların su şırnağında paklanırdı.
Həmrənglilərimə izah etdim ki, burada mərhumun müsəlman kimi dəfni bizə vacibdir. Qəbrin necə hazırlanmasını məsləhətləşib həmyerlilərə agah etdikdən sonra kəfəni götürüb ölüxananın qapısını itələdim. Qəbirstanlığa yetişəndə həmyerlilərim bəndəni agah etdilər ki, müsəlman birisi kitab əhli arasında neçə yaşayibsa torpağa da elə gömülməlidir. Mərhumun tabutunu son mənzilə sallayanda dünya azərbaycanlılarının bir parçasının həmrəyliyinə bəndə təəccüblə kənardan tamaşa edirdi.
Avropadan qulağıma çatan söhbətdə isə bir ovuc azərbaycanlının ehtiyaclı tələbələrə yardım etmək üçün ianə toplamagı qərar vermələri idi. Və niyyət Allaha xatir. Əminəm hər kəs belə bir əməlin dünya azərbaycanlılarının bir parçasının savab əməldə həmrəyliyini nümayiş etdirməyin gözəl nümunəsi sanardı. Amma ortada həmyerlimizin biri asqırıb, Allah yolunda verdiyini geri tələb edib. Deməli sərhəddən o tərəfə vəziyyət eşitdiklərizdəndir. Sərhəddən içəri qədəm qoyan kimi adamı öskürək tutur. Yaxud temperatur qalxır. Düz qaçırsan TƏBİB-in yanına. Əsl həmrəylik sən demə burada imiş. Gün işığına tutduğu kağızı oxuya bilən də, oxuya bilməyən də, yəni hərf tanıyan, hərf tanımayana həmrəng olub həmrəydilər. Söyürlər...
Həmrəylik günlərində acı xəbəri oxuyub o sahəyə boylanmaya bilmirsən. Vəkil Zaur Məmmədov Vəkillər Kollegiyasının qarşısında özünü yandırıb.
Xalq ədalətin bərqərar olduğu məhkəmə qərarlarından necə məmnunluq ifadə edir və bu sahədə hansı həmrəyliyi nümayiş etdirir, bilmək istəsəniz başqa fikrə düşməyin. Prezidentin şəxsən nəzarətə götürdüyü Tərtər hadisələrində tətbiq olunan metodla “lomla“yarlar adamı.
Xatırlatmağa gərək var ki, dünya azərbaycanlılarının həmrəyliyinin bariz nümunəsi Vətən Savaşındə göz önündə idi. O gün körpələrimiz sevdikləri noğul və şokoladlarını, təqaüdçü nənələr son tikəsi hesab etdiyi sonuncu kartofu qaynadıb əsgərlərimizə göndərirdilər. O günlər əli qələm tutan cocuklar əsgər əmilərə məktub yazırdılar.
Sinələrində ya Əlı, ya Zeynəb, ya Hüseyn həkk etdirən Aşura övladları isə Şuşa məscidinə şəhidlər sərvərinin ziyafətinə tələsirdilər.
Hüseyn
Xüsusi olaraq Newscenter.az üçün