Qırğızıstanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamları üçün lisenziyaların verilməsi dayandırılıb.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bunu ölkənin Turizm Departamentinin direktor müavini Kyal Kenjematova deyib.
Direktor müavini bunu tirizm fəaliyyəti ilə məşğul olan şirkətlərin ətraf mühitin çirklənməsinə göz yummaları ilə əlaqələndirib:
"Qırğızıstanda turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmir. Təbii ki, bu, hamıya aid deyil. Turizm biznesini kölgə altına alan, bu biznesə zərbə vuranlar üçün lisenziya verilmir. Hansı ki, həmin şirkətlər ətraf mühitin çirklənməsinə biganə yanaşırlar. Məsələn, təkcə Leninin zirvəsində 50 tondan çox zibil var. Ora alpinistləri aparan şirkətlər təmizliyi qorumaq və ətrafı təmizləmək öhdəliyi götürməli idilər. Amma bu baş vermir. Onu kimin etdiyini müəyyən etmək və məsuliyyətə cəlb etmək isə çətindir. Bundan əlavə, bizim qanunlarımız beynəlxalq təşkilatlarla inteqrasiya üçün qlobal standartlara cavab vermir”, - deyə Kenjematova bildirib.
Anar TAĞIYEV