"Ukraynaya Rusiyanın hərbi təcavüzü İkinci Dünya müharibəsindən sonra Avropada ən fəlakətli müharibə oldu. Minlərlə insan həlak oldu, milyonlarla insan öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı, yüzlərlə yaşayış məskəni xarabalığa çevrildi, infrastruktur, sənaye, kənd təsərrüfatı dağıdıldı. 60 milyona yaxın Ukrayna xalqı acı və çətinliklərə, məhrumiyyətlərə məruz qaldı".
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Orucov Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsini şərh edərkən səsləndirib. O bildirib ki, Rusiya da bu müharibədə ciddi itkilər verdi:
"Həm canlı qüvvə, həm silah-sursat baxımından, həmçinin iqtisadiyyatı tənəzzül etdi, beynəlxalq aləmdə təcrid vəziyyətə düşdü və avtoritetini itirdi. Çoxqütblü dünya istəyən Moskva Çinin təsiri altına düşdü".
Əli Oruclu deyib ki, Ukrayna-Risiya müharibəsinin uzanması Qərbi də yorub:
"Rusiyaya tətbiq edilən sanksiyalar Qərbin iqtisadiyyatına da təsirsiz ötüşməyib. Üstəlik də Ukraynadan qaçan 10 milyona yaxın qaçqını təmin etmək humanitar problemlər yaradır. Onu da nəzərə almaq lazımdır ki, hər dəfə Ukraynaya ayrılan milyonlarla hərbi və digər yardımlar qərb cəmiyyətində getdikcə narazılıqları artırmaqdadır. Hər iki tərəf yorulub, taqətdən düşüb. ABŞ tam da olmasa hədəflərinə çatıb. Rusiyanı və Qərbi zəiflədə bilib. Bu praktika Vaşinqton tərəfindən İkinci dünya savaşında sınaqdan uğurla çıxarılıb. Belə ki, faşist Almaniyası ilə SSRİ-ni üz-üzə qoymaqla Avropanı tam təsir altına salmışdı. Demək olar proyekt reallaşıb və danışıqlara başlamaq olar".
Süleyman