Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Azərbaycanda guya dini etiqad azadlığının pozulduğu, buna görə Bakının nəzarətə götürülməsi barədə fikirləri cəmiyyətdə haqlı olaraq etirazlara səbəb olub. Mütləq əksəriyyət amerikalı baş diplomatın Azərbaycana qarşı qərəz sərgilədiyi qənaətindədir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, ABŞ tərəfindən Azərbaycana qarşı dini azadlıqlar barədə ittihamların səsləndirilməsi absurddur və siyasi təzyiq metodudur:
"ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkələr siyahısına salması Cənubi Qafqazda dini tolerant ölkə olan Azərbaycana qarşı qərəzdir. Azərbaycanda müsəlmanlar, xiristianlar və digər dini icmanın nümayəndələri sərbəst yaşayır. Öz etiqadlarını sərbəst ifadə edirlər".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanda din sahəsində qlobal və ciddi problem yoxdur:
"Azərbaycana qarşı Iran tərəfindən uzun illər din pərdəsi altında kəşfiyyat işi aparılıb. Azərbaycan həmin kəşfiyyat şəbəkəsini ifşa edib. Həmçinin ölkəmizdə xaricdən idarə olunan radikal və terroru dəstəkləyən dini məzhəblərə qarşı reydlər olub və olmalıdır. Bu ölkəmizin milli təhlükəsizliyindən irəli gəlir".
Politoloq hesab edir ki, ABŞ Beynəlxalq Din Azadlığı kommusiyasınin bəyanatı İran agentura şəbəkəsi və radikal terroru dəstəkləyən məzhəblərin maraqlarına xidmət edir:
"Dünyada ədalət yoxdur və böyük ölkələr öz geosiyasi ambisiyaları naminə digər ölkələrə qarşı kobudcasına təxribatlara yol verir".
S.İsmayılbəyli