"Açıq-aşkar görünür ki, Cənubi Qafqazda böyük dövlətlərin maraqları toqquşmaqdadır. Məhz bu səbəbdəndir ki, Qarabağ konflikti ilə bağlı müharibə başa çatsa da sülh müqaviləsi bağlanmayıb. Çünki bir tərəfədə Rusiya, digər tərəfdə isə ABŞ özünün himayəsini təkid edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli okeanın o tayından Azərbaycana qarşı artan təzyiqlərin səbəbini şərh edərkən səsləndirib. O bildirib ki, heç bir tərəf də geri çəkilmək istəmir, əksinə prosesə öz müttəfiqlərini qoşaraq daha çox təsir yaratmağa çalışır:
"Bundan başqa ABŞ özünün Qərb müttəfiqləri ilə birlikdə Azərbaycana qarşı təzyiq, Ermənistana münasibətdə isə müdafiə taktikasını yürütməkdədir. Ona görə də son vaxtlar ölkəmizdə insan hüquqlarını pozulması, demokratikləşmə prosesində hakimiyyətin basqıları, seçkilərin saxtalaşdırılması, korrupsiya kimi məsələləri gündəmə gətirir. Hakimiyyətə olan bu basqılardan başqa cəmiyyətimizi daxildən parçalamağa yönələn siyasət də aparılır".
Mütəllim Rəhimli hesab edir ki, dini müstəvidə səsləndirilən fikirlər də məhz buna xidmət edir:
"Çünki cəmiyyəti parçalamağın, qarşıdurma yaratmağın ən asan və sınanılmış yolu dini hissləri qızışdırmaqdır".
Süleyman