İl ərzində AİŞ iqtisadi artımı dəstəkləmək, məşğulluq imkanları yaratmaq və qeyri-neft sənayesinin rəqabət qabiliyyətliliyini artırmaq istiqamətində işlər aparıb.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilir, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülür.
Dövlət-sahibkar münasibətlərinin inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması daim diqqət mərkəzində saxlanılır. Qeyri-neft sahəsinin inkişafı, yerli və xarici investisiyaların ölkəmizə cəlb olunması, müasir texnologiya və biliklərin əldə edilməsi vasitəsilə ölkə iqtisadiyyatının rəqabətədavamlılığın artırılması məqsədilə yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) də bu istiqamətdə öz töhfəsini verir.
2023-cü il ərzində AİŞ iqtisadi artımı dəstəkləmək, məşğulluq imkanları yaratmaq və qeyri-neft sənayesinin rəqabət qabiliyyətliliyini artırmaq, yerli və xarici investorların iqtisadiyyatın müxtəlif sektorlarına cəlb edilməsində fəal işlər aparıb.
“Hell energy” şirkəti ilə müqavilənin imzalanma mərasimi
Ötən il 10 iyul tarixində Avropa ölkələrinin qabaqcıl texnologiyalarına əsaslanan, Cənubi Qafqazda ilk alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun Azərbaycanda inşası məqsədilə tanınmış Macarıstanın “HELL Energy” şirkətlər qrupu ilə AİŞ arasında Birgə İştirak müqaviləsi imzalanmışdır. Zavod fəaliyyətə başladıqdan sonra 280 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir. Hal-hazırda layihələndirmə işləri yekunlaşdırılır və yaxın zamanda Ələt Azad İqtisadi Zonasında yerləşən zavodun tikinti işlərinə başlanılması nəzərdə tutulur.
İnfuzion məhlulların istehsalı zavodunun açılışı
Ölkəmizdə əczaçılıq sahəsinin daha da inkişaf etdirilməsi, idxaldan asılılığın azaldılması, yerli istehsala dəstək, eləcə də istehsal olunacaq məhsulların istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsi məqsədi ilə 2022-ci ildə AİŞ və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb və 2023-cü ilin 15 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zavodun açılışı həyata keçirilib. Zavodda 51 nəfər daimi iş yeri ilə təmin edilib.
“Gen İlac” şirkəti ilə müqavilənin imzalanma mərasimi
Dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi
Həmçinin, 31 iyul 2023-cü il tarixində AİŞ və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında ölkəmizdə daha bir əczaçılıq müəssisəsinin yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bunun nəticəsi olaraq, 7 dekabr 2023-cü il tarixində Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi olmuşdur. Zavod fəaliyyətə başladıqdan sonra 50 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.
Ötən il ərzində, AİŞ işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərində də fəal iştirak edib. Şirkət biri Ağdam rayonunda, ikincisi isə Kəlbəcər və Laçın rayonlarında olmaqla 2 layihənin təşəbbüskarı qismində iştirak etmiş və sözügedən layihələrə rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 4 noyabr 2022-ci il tarixində işğaldan azad edilmiş Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair AİŞ tərəfindən keçirilmiş müsabiqədə qalib seçilmiş “StarMining” MMC ilə Birgə İştirak müqaviləsi imzalanmışdır. Bunun nəticəsi olaraq, 26 yanvar 2023-cü il tarixində “Shahbulag Mining” MMC şirkəti təsis edilmişdir. Hazırda, karxanaya 70 işçi cəlb edilmişdir və test rejimində işlər aparılır. Karxananın tam şəkildə fəaliyyətə başlamasından sonra 160 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir. Layihənin icrası işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və tikinti işlərinin sürətli inkişafına töhfə verəcək, mişar daşına olan tələbatı iqtisadi cəhətdən daha effektiv və sərfəli şəkildə ödəyəcək və bölgədə yeni iş yerlərinin yaranmasını təmin edəcəkdir. Artıq layihədə istehsal prosesinə başlanılıb və işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərində müvafiq şəkildə iştirak təmin edilib.
5 kiçik su elektrik stansiyasının bərpası və istismarına dair müqavilənin imzalanması mərasimi
Həmçinin, 27 dekabr 2023-cü il tarixində AİŞ, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” və “Arges Enerji Team” MMC arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair Birgə İştirak müqaviləsi imzalanmışdır. Layihə AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsi olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda hidroenerji potensialından istifadə istiqamətində kiçik su elektrik stansiyalarının (KSES) bərpasına özəl investisiyanın cəlb edilməsinə töhfə verəcəkdir. Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.
“SOCAR” və “BP” şirkətləri ilə müqavilənin imzalanması mərasimi
Bundan əlavə, 20 sentyabr 2023-cü il tarixində, işğaldan azad olunan ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi və ölkəmizin bərpaolunan enerji potensialının inkişafı məqsədi ilə AİŞ, SOCAR və BP şirkətləri ilə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş paneli stansiyasının tikintisini nəzərdə tutan, “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirən Qoşulma Sazişi imzalanmışdır. Layihənin əsas məqsədi Səngəçal terminalında qazdan alınan enerjini günəş enerjisi ilə əvəz etməkdir.
Səməni arpasının emalı layihəsi üzrə təməl qoyulma mərasimi
Əlavə olaraq, idxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədi ilə pivə istehsalı üçün xammal olan səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılması üzrə ötən ildən başlayan danışıqların nəticəsi olaraq 2023-cü ilin 8 avqust tarixində İmişli rayonunda AİŞ, “AzərŞəkər” MMC və “Azərsun Kənd Təsərrüfatı Malları” MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq müəssisənin təməli qoyulmuşdur.
“AzərŞəkər” MMC ilə əməkdaşlığın davamı olaraq, ölkə iqtisadiyyatına böyük dəyər qatacaq və ölkəmizdə becərilən buğdadan daha yüksək dəyərə malik məhsulların alınması üçün buğdanın dərin emalı müəssisəsinin yaradılması imkanının araşıdırılması məqsədi ilə AİŞ 10 avqust 2023-cü ildə şirkət ilə Anlaşma Memorandumu imzalayıb.
Bundan əlavə, 1 mart 2023-cü il tarixində Yevlax Aqropark ərazisində ən son texnologiya və müasir proseslərdən istifadə etməklə illik 18 mln ədəd istehsal gücü olan yerli damazlıq yumurta istehsalı zavodunun tikintisi məqsədi ilə, AİŞ, İsrailin “Shaniray Technologies” şirkəti, “Azerbaijan Poultry Company” MMC və digər şirkətlər arasında Səhmdarlar Müqaviləsi imzalanmışdır. 2024-cü ilin əvvəlində zavodun tikintisinin başlanılması nəzərdə tutulub. Zavod fəaliyyətə başladıqdan sonra 33 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.
“AzerGold” QSC və Hindistanın “Devngi Innovations LLP” şirkətləri ilə müqavilənin imzalanması
25 oktyabr 2023-cü il tarixində, Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsi məqsədi ilə, AİŞ “AzerGold” QSC və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir. Dekabr ayının sonunda layihəyə dair müsbət qərar verilmişdir.Hal-hazırda, layihəyə dair yekun təhlillər aparılır.
Həmçinin, Azərbaycanda elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrin istehsalının təşkili məqsədi ilə, ötən ilin 22 noyabr tarixində AİŞ, Çinin “BYD Company Limited” (BYD) və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanmışdır.
Yuxarıda qeyd olunanlardan əlavə olaraq, ötən il Startap sahəsində investisiyalara birbaşa çıxış üçün və Azərbaycanda startapların inkişafına dəstək və mentorluğu təmin etməyə imkan yaradacaq “OurCrowd” vençur şirkəti ilə əməkdaşlıq çərçivəsində AİŞ ilk dəfə 3D soyuq çap texnologiyasından istifadə etməklə polipropilen və polietilendən sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşan İsrailin “Largix” və elektrik avtomobillərdə daxili sistemlərin kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kibertəhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” texnoloji startap layihələrinə investisiya yatırıb.
Ümumilikdə, AİŞ tərəfindən cari il ərzində 109 yeni investisiya layihəsinə baxılaraq müvafiq təhlillər aparılmışdır.
Keçən il ümumi investisiya dəyəri 560 mln manat təşkil edən 8 layihə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 mln. manat məbləğində nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin yaradılması və 600-dək nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Hal-hazırda, AİŞ xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən ümumi investisiya dəyəri 2.7 mlrd. ABŞ dollara yaxın təşkil edən 24 layihənin təhlilini aparılır. Bu layihələr müxtəlif sənaye sahələrini o cümlədən, yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya və s. kimi sahələri əhatə edir.
AİŞ 2023-cü il ərzində Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılmasında da fəal iştirak etmişdir. Hökumətlər arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş 24.02.2023-cü il tarixində Daşkənd şəhərində aranmış və 20.07.2023-cü il tarixində qüvvəyə minmişdir. “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti”nin yaradılması haqqında Saziş 18.07.2023-cü il tarixində Şuşa şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 14.10.2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” artıq Özbəkistanda qeydiyyatdan keçib və şirkətin ümumi kapitalı 500 milyon ABŞ dolları məbləğində təşkil edir.
AİŞ üçün ölkə iqtisadiyyatına fayda gətirmək, əlavə dəyər yaratmaq, yeni iş yerlərinin artırılmasını təmin etmək və xarici investorların ölkəmizə cəlb olunması əsas prioritetlərdir və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir.
Süleyman