"Təəssüf ki Qərb ölkələrində, konkret desək Fransada Azərbaycana qarşı qərəzli mövqe getdikcə artır. Son baş verən xoşagəlməz insidentlər, Azərbaycanda Fransa xəfiyyəsinin tutulması, səfirlik əməkdaşlarının persona non qrata elan olunması, Natavanın heykəlinə qarşı münasibət iki ölkə arasında əlaqələrə böyük zərbə vurdu".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Vüqar Əhmədov deyib ki, bütün bunlar Fransanın-Azərbaycana olan ədalətsiz və düşmən mövqeyindən meydana çıxdı:
"Təbii ki, bu da nəticə etibarilə Bakı ilə Paris arasında əlaqələrə böyük zərbə oldu. Bu gedişat iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə kimi gətirib çıxara bilər. Halbu ki, Fransa ilə Azərbaycan arasında mədəniyyət və humanitar sahədə necə gözəl işlər və münasibətlər var idi".
Politoloq deyib ki, indiyə qədər əksər nəcib layihələrin təşəbbüskarı da Azərbaycan olub:
"Baxmayaraq ki, Fransa tərəfindən siyasi məqsədli olaraq belə münasibət sərgilənir, amma biz yenə də rəsmi Bakı tərəfindən səbirli münasibətin şahidi oluruq. Təhsil, mədəniyyət və humanitar sahədə işlər davam edir".
Anar Əliyev