Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən ölkəsinin kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə rəsmi Parisin ermənipərəst mövqeyi və addımları ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir.
Newscenter.az xəbər verir ki, bu gün Fransanın “L’Opinion” nəşrində dərc olunan məqalədə Paris və Bakı arasında münasibətlərin növbəti dəfə kəskin pisləşməsi son “casus qalmaqalı” fonunda təhlil olunub.
Məqalənin müəllifi Jan-Dominik Merşe (Jean-Dominique Merchet) Azərbaycana qarşı casusluqda ittiham olunan M.Rayanın ötən ilin dekabrında Bakıda saxlanması barədə ətraflı danışıb.
Müəllif saxlanılan şəxsin yaxın ətrafına istinad edərək vurğulayıb ki, M.Rayan Fransanın Bakıdakı səfirliyində işləyən, Azərbaycan tərəfindən rəsmi statusuna uyğun olmayan fəaliyyətlərinə görə ölkədən çıxarılan iki fransız xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub.
Məqalədə qeyd olunur ki, sözügedən səfirlik əməkdaşları M.Rayanı üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə məcbur edib, onu təhlükəli oyunlarında istifadə ediblər.
Bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsinə toxunan müəllif Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın qərəzli ermənipərəst mövqeyini, o cümlədən onun İrəvana silah və texnika tədarükünü davam etdirməsini, habelə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək cəhdlərini qınayan ifadələrini sitat gətirib: “Nəticədə Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı. Bundan başqa, o, öz davranışı ilə Avropa İttifaqının bu məsələdəki roluna mənfi təsir göstərir”.
Mehman Mehdiyev