"2024-cü il öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etmiş müstəqil Azərbaycanın həyatında yeni parlaq səhifə açılması ilə başlayır. Bir neçə gündən sonra ilk dəfə olaraq bütöv və suveren Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Bu da şanlı tariximizə yeni uğur kimi yazılacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, növbədənkənar Prezident seçkiləri elan ediləndə özünü müxalifət hesab edən qaragüruhçular seçkilərə marağın və siyasi fəallığın, rəqabətin olmayacağını, eləcə də beynəlxalq dünyanın müşahidəçilər göndərməyəcəyini iddia edirdi:
"Ancaq 20-dən çox müxalifət partiyanın və təşkilatın nümayəndələrinin öz namizədliklərini irəli sürməsi və Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliklərinin qeydə alınması, 30-a yaxın ölkəni təmsil edən 100-dən artıq beynəlxalq müşahidəçinin MSK-ya müraciəti respublikamızın ictimai-siyasi həyatında əsil seçki rəqabətinin baş verdiyini təsdiqləyir.
Azərbaycana qarşı qərəz və ikilistandartlar nümayiş etdirən ATƏT və Avropa institutları da öz müşahidə missiyalarını Azərbaycana göndərməklə seçkilərə marağını ifadə etmiş olur ki, bu da Azərbaycan demokratiyasına olan münasibətin göstəricisidir.
Eləcə də ölkəmizdən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılması və həmin ərazilərdə də seçkiləri müşahidə etmək üçün müraciət edən təşkilatların sayının çoxluğu siyasi mübarizənin, demokratik seçki mühitinin bərqərar olmasından xəbər verir.
Hazırda növbədənkənar Prezident seçkiləri ən aktiv dövrünə qədəm qoyur, yaxın günlərdə bütün namizədlərin təşviqat və təbliğat kampaniyası başlayacaq, Azərbaycan dövləti dünyada mövcud olan bütün demokratik ali prinsipləri rəhbər tutaraq bütün namizədlərin təşviqat aparılması və ədalətli rəqabət mühitinin təmin edilməsi üçün də əlverişli şərait yaradıb".
Vaqif Abdullayev deyib ki, seçki rəqabət, öz siyasi potensialını nümayiş etdirmək üçün əsil meydandır:
"Bu meydanda özünə güvənən hər bir namizədə bərabər səviyyədə şərait yaradılıb. Kimin siyasi proqramı, Xalq arasında dayağı varsə bu mübarizədə öz gücünü sınayır. Əlbəttə Prezident seçkilərinin bir qalibi olur, bu, bütün dünyada qəbul olunmuş qanunauyğunluqdur, digər rəqiblərin məğlub olması o demək deyil ki, onların elektoratı yoxdur, onların da öz auditoriyası, tərəfdaşları, dəstəkləyənləri var. Ancaq, yekunda Xalqın kimə daha çox İnam və Etimadı varsa O qalib gəlir.
Seçkidə iştirak etməmək, mübarizədən qaçmaq isə qorxaqlıq, acizlik əlamətidir. Xalq arasında tamamilə inam və ümidlərini itirmiş, 2023-cü il uğurlu anti-terror əməliyyatından sonra Qarabağı tərk edən ermənilərin həyatına acıyan AXCP və Müsavat qaragüruhçuları seçkidə rüsvay olacaqlarını anladıqlarından bu meydana çıxmağa cəsarət etmədilər. Onlar Qalib dövlətin Lideri İlham Əliyevin qarşısında 1 faiz belə səs toplaya bilməyəcəklərini yaxşı bildiklərindən Haqq meydanına deyil, qaranlıq, üfunət iyi verən arxaik köşələrindən çölə çıxa bilmirlər. Artıq onlar üçün bütün imkanlar tükənib, tarixin arxivində belə onlara yer qalmayıb".
Onun sözlərinə görə, Azərbaycan dövləti və Xalqı fevarın 7-də Avropa və Qərbə mütəşəkkil və ədalətli seçki nümunəsi ilə özünün demokratik irsini nümayiş etdirəcək, dünyaya əsil demokratiya dərsi verəcəkdir:
"2023-cü ildəki Qələbə tarixinin ən möhtəşəm akkordu olan Siyasi Zəfər yaradacaq. Xalq öz Xilaskarı olan İlham Əliyevə, Qələbəyə səs verəcək. Qarabağ və Şərqi Zəngəzurda Zəfərin səsi dünayaya yayılacaq.
Fevralın 7-dən sonra ölkəmizdə yeni dövlətçilik erası başlayacaq, inkişaf, tərəqqi, Ulu öndər Heydər Əliyevin zəngin irsindən qaynaqlanan müasir dövrün reallıqlarına uyğun idaretmə start götürəcək".
Anar Əliyev