Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda prezident seçkisinin vacib hissəsi başlayır

Azərbaycanda prezident seçkisinin vacib hissəsi başlayır


"Azərbaycanda prezident seçkisinin vacib hissəsi başlayır. Namizədlər bəlli olub. Seçkilərin necə keçəcəyi, keçirilmə prosesinin və nəticənin ölkədə və dünyada necə görüntü verəcəyi maraq doğuran məsələlərdən biridir".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan ilk dəfə seçki keçirmir:

"Bu, dəfələrlə olub və bu seçkilərə münasibət də istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə fərqli olub. Kimiləri seçkiləri demokratik, kimiləri antidemokratik adlandırıb. Kimiləri nəticələri qəbul edib, kimiləri isə qəbul etməyib. Azərbaycan dövləti isə bu qeyri-müəyyənliklərin içərisində bu günlərə gəlib çıxıb".

Azər Qasımov bildirib ki, dövlət və xalq olaraq öz 100 illik problemini həll edib, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib:

"Demokratiya anlayışı geniş və çoxşaxəli olduğu üçün onun tələbləri də çoxdur. Əldə edilən hər hansı demokratik uğur tam şəkildə bütün kəsimləri qane etməyə bilər. Narazı kəsimlərin olması da normaldır. Azərbaycan reallığında şəffaf və demokratik seçki keçirilməsi zaman məsələsi olmaqla yanaşı, həm də mentalitet məsələsidir. Azərbaycan dövləti və xalqı ümumən özünə rəva bildiyi seçki keçirir və onun nəticələrini qəbul edir. Buna demokratik və ya antidemokratik deyilməsindən asılı olmayaraq".

BAXCP rəsmisi onu da deyib ki, Azərbaycan demokratiyasının hələlik 30 yaşı var və bu digər demokratik ölkə hesab edilənlərlə müqayisədə çox azdır:

"Azərbaycan demokratiya yolunda tarixi inkişaf mərhələsindədir. Odur ki, qeyd edilən anlayışların tam qənaətbəxş olmasına kimi Azərbaycan dövlətinin və xalqının gedəcəyi yol da özündən asılıdır. Xalq-Hakimiyyət bərabərliyində tarazlıq yarananda bütün problemlər aradan qalxacaq. Xalqın üzərinə daha çox yük düşür".

Süleyman
Xəbəri paylaş