"Fransa artıq illərlədir ki, beynəlxalq müstəvidə Azərbaycana qarşı hər hansı bir qərarın qəbul edilməsi uğrunda mübarizə aparır. Bu ilk növbədə Fransa hökumətinin erməni lobbisi qarşısında götürdüyü öhdəlikdən qaynaqlanan məsələdir".
Bu fikirləri Newscenter.az-a “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Fransanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycan əleyhinə qətnamənin qəbuluna nail olma mümkünlüyünü şərh edərkən səsləndirib. O bildirib ki, keçən ilin sentyabr ayının 19-da Qarabağ torpaqlarımızda keçirdiyimiz antiterror əməliyyatından sonra Fransa hökumətinin və E.Makronun bizə qarşı sözün əsil mənasında azğınlaşmasının kökündə onun Azərbaycanla bağlı atdığı adddımların davamlı olaraq uğursuzluqla nəticələnməsi dayanır:
"Antiterror əməliyyatlarından ötən müddət ərzində Fransa beynəlxalq müstəvidə bir neçə dəfə Azərbaycan əleyhinə hansısa bir qərarın qəbulina cəhd etsə də hər dəfə bu cəhdlər fiaskoya uğrayıb. Bütün bunların fonunda Fransanın BMT Təhlükəsizlik Şurasına sədrliyindən istifadə edərək Azərbaycana qarşı hər hansı bir qərarın qəbul edilməsinə cəhd göstərəcəyi heç şübhə doğurmur. Lakin bu təşəbbüsləri reallaşdırmaq mümkün olacaqmı?".
İctimai birlik sədri xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib. Bunlar Əlcəzair, Qayana, Cənubi Koreya, Syerra-Leone və Sloveniyadır:
"Yeni qeyri-daimi üzvlər 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçki yolu ilə müəyyənləşib. Əlcəzair, Qayana, Cənubi Koreya, Syerra-Leone, Sloveniya bu seçkidə səs çoxluğu ilə üstün olublar. Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri kimi fəaliyyət göstərəcəklər. BMT Təhlükəsizlik Şurası səsvermə yolu ilə seçilən 10 qeyri-daimi və beş daimi üzvü var.
Fransa unutmamalıdır ki, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin arasında Azərbaycanın yetərli dəstəyi var".
S.İsmayılbəyli