“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Orta Dəhlizin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi, Çin mənşəli yüklərin Azərbaycan ərazisindən tranzit keçməklə Avropaya və əks istiqamətdə vaxtında və təhlükəsiz çatdırılması üçün dəhliz iştirakçıları ilə səmərəli əməkdaşlıq etməkdədir.
Newscenter.az xəbər verir ki, ADY-nin Çin, Qazaxstan, Gürcüstan və Türkiyə dəmir yolları ilə apardığı səmərəli danışıqlar nəticəsində 1) şəffaf qiymət siyasətinin müəyyən olunması 2) yüklərin çatdırılma müddətinin optimallaşdırılması və 3) yüklərin dəhliz üzrə naviqasiya sistemində izlənilməsi kimi məsələlərdə bir sıra irəliləyişlər əldə olunub.
Belə ki, 30 dekabr 2023-cü il tarixində Çindən yola düşən blok qatarı 11 yanvar 2024-cü il tarixində ölkəmizə çatıb. İlin ilk blok qatarı həm də cəmi 11 günə mənzilbaşına çatdırılmaqla sözügedən dəhlizin əhəmiyyətini və rəqabətli olmasını bir daha göstərmiş olub.
Ümumilikdə 57 vaqondan ibarət blok qatarı vasitəsilə Çindən ölkəmizə əsasən elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.
Qeyd edək ki, əldə olunmuş razılaşmaya əsasən Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həcminin artırılması istiqamətində cari ilin yanvar ayında Azərbaycana 7 blok qatarla idxal məhsulları və 2 blok qatarla isə tranzit yüklərinin Avropaya yola salınması planlaşdırılır.
Çin mənşəli yüklərin Azərbaycana idxal olunması yerli sahibkarlığın inkişafına , o cümlədən tranzitt yüklərin Orta Dəhlizə təkrar qayıtması yeni yüklərin dəhlizə cəlb edilməsinə geniş imkanlar yaradacaq.
Qeyd edək ki, 2022-ci illə müqayisədə 2023-cü ildə daşınan universal konteynerlərin (TEU) həcmi 24 000 TEU artaraq 100 000 TEU-nu keçib ki, bu da 30% artım deməkdir. Bu artım konteyner idxalının 77%, ixracın isə 159% artmasının göstəricisidir.
ADY Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması və yeni yüklərin cəlbi istiqamətində 2023-cü ildə “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC ilə paritet əsasda "Middle Corridor Multimodal Ltd." adlı birgə müəssisəni yaradıb.
Birgə müəssisə “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin–Avropa/Türkiyə–Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə geniş imkan yaradacaq.
Süleyman