Yanvar ayının 15-dən etibarən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması prosesi rəsmi olaraq başlandı. Təşviqat prosesi fevralın 6-sı saat 8:00-da yekunlaşacaq və bununla da deyə bilərik ki, qarşıda bizi informativ nöqteyi- nəzərdən olduqca maraqlı və zəngin, siyasi baxımdan isə əhəmiyyətli 22 gün gözləyir.
Sözsüz ki, bu günlər ərzində əlamətdar hadisələrə və ictimaiyyətin diqqətini cəlb edəcək müxtəlif bəyanatlara da şahidlik edəcəyik. Siyasişivənlərin xəstə isterikası isə indidən təxmin etmək olar ki, bu müddət ərzində öz pik həddinə çatacaqdır. Odur ki, seçkilərin təşviqat mərhələsində müxtəlif informasiya təxribatlarının müşahidə olunması da qaçılmazdır. Təəssüf ki, bu anormallığı “normal” siyasi təcrübə kimi qəbul etmək məcburiyyətindəyik.
Təşviqatın ilk günündə cəmi bir neçə məqama diqqət yetirək. Obyektivlik naminə ilk növbədə qeyd edək ki, hər bir seçki prosesi onun məzmun və mahiyyətindən asılı olmayaraq ölkənin demokratik təcrübəsini zənginləşdirir. Seçkilər, o cümlədən Prezident seçkiləri, konkret ölkə və xalqın seçki səriştəsini artırır, sözügedən amil isə bilavasitə demokratik münasibətlərin təzahürüdür. Odur ki, mövcud kontekst çərçivəsində hər hansı bir “boykotabənzər” addım, əslində mahiyyət etibarı ilə antidemokratik təşəbbüsdür.
Psevdopatriot siyasişivənlərin ritorikasında öz əksini tapan bəzi qərəzli fikirləri nəzərə alaraq, mütləq olaraq bir prinsipial məsələyə diqqət yetirməliyik. Prezident İlham Əliyev sözügedən seçkilərdə mütləq favorit olmasının əsas səbəbi rəqiblərin zəif olması deyil. Səbəb – dövlət başçısının bütün meyarlar üzrə mütləq üstünlüyü və xalqın öz Liderinə olan sevgisidir. Odur ki, mövcud məsələ ilə bağlı istənilən manipulyasiya əsassızdır.
Qərbdə artıq uzun illərdir ki, “nüfuzlu və xarizmalı siyasi lider” defisiti yaşanır. Sözügedən amil Qərbin bəzi manipulyativ və spekulyasiya xarakterli bəyanatlarının əsas səbəblərindən biridir. “Gübrə” və “dopinqlə” yetişdirilən Qərbin siyasi liderləri apriori olaraq xarizmatik lider ola bilməz. Məhz elə bu səbəbdən də onları xilas etmək üçün Qərbdə son dövrlərdə siyasi dövriyyəyə ənənəvi dəyərlər sistemini təhrif edən ultra liberal və amorf məzmunlu psevdodəyərlər salınır.
Bəli, Azərbaycan xalqının öz seçimi ilə bağlı heç bir tərəddüdü yoxdur və Qərbin heç bir informasiya manipulyasiyası bu əminliyi bizim əlimizdən ala bilməz. Azərbaycan xalqı hər zaman olduğu kimi öz seçimini əminli gələcəyə verəcəkdir. Əminli gələcəyi isə yalnız güclü lider təmin edə bilər.
Fikrimizi təsdiq etmək və mövzunu inkişaf etdirmək üçün Prezident İlham Əliyevin seçki platformasının əsas şüarına diqqət yetirək və bir neçə tezislə onun mahiyyətini və cəmiyyətə yönəlmiş əsas mesajları açıqlamağa çalışaq: “Qalib Xalqın Qalib Lideri!”
“Qalib Xalq” ifadəsi ilk növbədə xalqa olan hörmət, sevgi və etibarın təcəssümüdür. Sözügedən ifadə bir daha onu vurğulayır ki, tarixi Qələbəmizin səbəbkarı Azərbaycan xalqıdır. Bu ifadə “xalq” məfhumunun Azərbaycan dövlət və dövlətçilik fəlsəfəsində əsas kateqoriyalardan biri olmasına dəlalət edir.
İfadələrin ardıcıllığına diqqət yetirin: “Qalib Xalqın Qalib Lideri!” Aydın şəkildə bəlli olur ki, cənab Prezident sözügedən seçkiqabağı şüarı ilə ictimai münasibətlər sistemində “xalqı” prioritet dəyər kimi müəyyən edir. Əlbəttə ki, qalib olan xalq yalnız qalib və nüfuzlu bir liderə layiqdir. Sözsüz ki, güclü xalq eyni zamanda güclü liderə layiqdir. Avantürist, psevdopatriot, demaqoq və Qərbin siyasi texnoloqları tərəfindən bəzədilmiş şoumenlərin dövrü çoxdan bitib. Onların siyasi sehrbazlığı və onlara inananlar ötən əsrin doxsanıncı illərinin əvvəllərində “ilişib qalıb”...
Şüarın özündə ehtiva etdiyi digər önəmli mesajlarından biri də odur ki, cənab Prezident bir daha cəmiyyətin inkişafında həmrəyliyin, habelə xalq-dövlət birliyinin prinsipial əhəmiyyətini vurğulayır. Bəli, biz Azərbaycan xalqı olaraq öz seçimimizdə əminik. Bu əminliyi müəyyən edən əsas amillər sabitlik, tarixi Qələbə, zəmanətli inkişaf, təhdid və risklərin minimuma endirilməsi, habelə dövlət başçısının bütün dövrlərdə verdiyi sözlərə sadiqliyidir. Odur ki, Prezident İlham Əliyevin alternativsizliyin səbəbi rəqiblərin zəifliyi deyil, təminatlı qələbə, dövlət başçımıza xalqın gündən-günə daha da artmaqda olan etimadı, inamı və sevgisidir. Biz bu obyektiv həqiqətdən çəkinməməliyik, əksinə, bununla fəxr etməliyik. Qərbin siyasətçilərindən fərqli olaraq Azərbaycanda Prezident İlham Əliyevə siyasi texnologiyaların “sehrləri” arxasında gizlənməyə ehtiyac yoxdur. Seçimimiz açıqdır, seçimimiz aydındır: Qalib Xalqın önündə dayanan şəxs yalnız Qalib Lider ola bilər!
politoloq A.Adil