Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dünyaya “Mən varam!” dedi

Azərbaycan dünyaya “Mən varam!” dedi


Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi, xalq süverenliyin mücahidi idi. Tarixin “Gülüstan” müqaviləsi adlı səhvini düzəltmək, Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək üçün xalq imperiyanın ilhaq zəncirini parçalamalı idi. Azərbaycanda gedən bu mübarizə SSRİ-nin dayaqlarını laxladardı. Ona görə də imperiya bu mübarizəni dayandırmaq üçün Bakıya qoşun yeritdi.

Bu mübarizə Ermənistanın ərazi iddiası ilə başlasa da o vaxta kimi imperiyanın təhdidlərinə görə gizlin gedən mübarizə milyonların amalına döndü. O vaxta kimi SSRİ dönəmində Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda hərəkatlar olmuşdu, ancaq heç biri bu səviyyədə olmamışdı. Azərbaycan tarixin dünənlərinin gerçəkliklərini qaytaracaqdı, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləcəkdi. Dünyanın heç bir yerində heç bir zaman bu səviyyədə birlik, həmrəylik olmamışdı.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, “Salyan kazarması”nda yerləşdirilmişdi. Xalq bunlardan xəbərsiz idi.

Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi.

Kütləvi insan qırğını törədildikdən sonra – 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bu, böyük tarixi şəxsiyyətin Azərbaycana sevgisinin, Azərbaycan dövlətçiliyinə ehtiramının təzahürü idi. Azərbaycanda milli-azadlıq hərəkatının coşqusunu belə qəddarlıqla söndürmək imperiya xisləti idi və tarix bu xislətinə görə onun varlığına son qoydu. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinmədi, SSRİ hökumətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

20 Yanvar Azərbaycan xalqının ruhunun kükrəyişinə yönəldilmiş xəyanət idi, cinayət idi, çörək itirənlik idi,insanlıq deyildi, bəşərilikdən uzaq düşmək idi, ... Xalq dövlətçiliyini bərpa etdi, gücləndi, torpağına tamah salanları diz çökdürdü, dünyaya “Mən varam!” dedi, “Mən Azərbaycanam!” dedi...

Azərbaycanın dövlət müstəqilliyinin bərpası da, ərazi bütövlüyünün bərpası da bütün şəhidlər kimi 20 yanvar faciəsinin şəhidlərinin də ruhunu nigarançılıqdan qurtardı...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş