"Ermənistan parlamentinin deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general leytenant Melkonyanın "Azadlıq" radiosuna verdiyi müsahibədə, Rusiyanın Ermənistana hərbi təyinatlı məhsulların verməsini təsdiqləyib. Bu məhsulların əvvəlki dövrlərdə imzalanmış müqavilə əsasında həyata keçirilməsi və həmin hərbi texnikanın artıq Ermənistana təhvil verilməsi də öz təsdiqini tapdığı erməni deputatın verdiyi açıqlamada qeyd edilib. Doğrudur, erməni deputat hansı silahların verilməsinə toxunmayıb, amma, bu hadisənin bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin "Azərbaycan bizim üçün müttəfiq ölkədir" cümləsindən sonra atılan addım olduğunu nəzərə alsaq və Ukrayna cəbhəsində məhz Rusiyanın özünün bu kimi silahlara nə qədər ehtiyacı olduğunu da əlavə etsək, burda Rusiyanın yeni planları olduğunu və yaxud da Azərbaycana qarşı təsir etmək istəyini görmək olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Rusiyanın Ermənistana silah tədarükünə münasibət bildirərkən səsləndirib. Ekspert deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi davam edir və burada Qərbin və Rusiyanın maraqları toqquşur:
"Məhz bu səbəbdən belə çirkin planların ölkəmizə qarşı olacağı gözlənilir. Bundan başqa bu günlərdə Azərbaycan Müdafiə Nazirliyində ciddi kadr dəyişikliyi baş verib və Azərbaycan müdafiə nazirinin müavini vəzifəsinə general leytenant Hikmət Mirzəyev gətirilib. Bu kadr dəyişikliyi böyük ehtimalla Rusiyanı narahat edir. Çünki Ermənistanda olduğu qədər Azərbaycana qarşı çirkin siyasət yürüdən bütün ölkələrdə general leytenant Hikmət Mirzəyevin bu təyinatı təhlükəli hesab olunur".
Anar Əliyev