“Dünyanın müharibə əleyhdarı kəsiminin Rusiya və Ukrayna müharibəsinin bitməsinə səylər göstərməsi fonunda müharibənin daha da qızışması müşahidə olunur. Tərəflər artıq daha çox bir-birilərinin ərazisini ardıcıl raket və dron zərbələrinə məruz qoyurlar ki, bundan da daha çox dinc əhali zərər çəkir. Bu da Roma Papasının fəaliyyətə keçməsinə səbəb olub”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Roma Papasının Rusiya-Ukrayna arasında danışıqların başlaması təşəbbüsünü şərh edərkən səsləndirib. Politoloq hesab edir ki, belə təşəbbüslər artmalıdır:
“Dünyanın sülhpərvər qüvvələri bu müharibəyə kənardan baxdıqca onun alovu daha da yayılıb, digər ölkələrə də keçəcəyi böyük ehtimal olacaq”.
Azər Qasımov deyib ki, tərəflərin mövqeyi danışıqlar aparmaq üçün uyğun deyil və onların özlərinə məxsus şərtləri mövqelərdəki fikir ayrılıqlarını labüd edir:
“Tərəflərin daha da silahlanması məcburi hal alıb. Hər kəs bacardığı yerdən silah-sursat almağa çalışır. Məsələ ondadır ki, silah lobbiləri, müharibə marağında olan güclərin hələlik müharibəni bitirmək istəyi yoxdur.
Amma tərəflərin qarşılıqlı olaraq sülhdə maraqlı olması bu müharibəni bitirə bilər. Ancaq qırmızı xətlərin çoxdan aşıldığı bir durumda bu, çox çətin məsələdir. Tələblərindən geri çəkilmək hər bir tərəf üçün məğlubiyyət deməkdir. Odur ki, danışıqlar olsa belə, uğurlu nəticə əldə etmək mümkün deyil”.
Süleyman