Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəziyyət hər gün Rusiyanın xeyrinə dəyişir -POLİTOLOQ

Vəziyyət hər gün Rusiyanın xeyrinə dəyişir


"Məlum olduğu kimi iki gün əvvəl Davosda Ukrayna üçün sülh planı ilə bağlı danışıqlar baş tutub. Bu, ayrı-ayrı ölkələrin milli təhlükəsizlik müşavirlərinin Ukrayna “sülh formulu” ilə bağlı artıq sayca dördüncü məsləhətləşmələri idi. Görüş konkret qərarlar qəbul olunmadan başa çatıb.

Yanvarın 14-də keçirilən görüşdə 18-i Asiya, 12-si Afrika ölkələrindən olmaqla, ümumilikdə 83 dövlətin nümayəndəsi iştirak edib. Rusiya təbii olaraq bu görüşə dəvət olunmamışdı. Müzakirələr çərçivəsində rəsmi Kiyev qəti şəkildə bəyan edib ki, Ukrayna hakimiyyəti heç vaxt münaqişənin dondurulmasına razı olmayacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ukraynanın strateji məqsədi məlumdur:

"Bu məqsəd özündə 1991-ci il sərhədlərinə qayıtmağı ehtiva edir. Rusiya isə böhranın həlli üçün Kiyevdən “yeni ərazi reallıqlarının” tanınmasını tələb edir.

Davos iştirakçılarının böyük əksəriyyəti tərəflərin dərhal danışıqlar masası arxasına əyləşməli olduğunu təkid etsələr də rəsmi Kiyevin Rusiyanın şərtlərini və Moskvanın da Ukraynanın təklif etdiyi sülh formulasını qəbuledilməz hesab etməsi bu danışıqları faktiki olaraq istisna edir".

O deyib ki, vəziyyət isə hər gün Rusiyanın xeyrinə dəyişir:

"Çünki Qərbin böyük ümidlərlə gözlədiyi əks hücum əməliyyatları istənilən effekti vermədi və nəticədə bu Ukraynanın maliyyələşdirilməsi ilə bağlı problemlərə yol açdı. Görünən odur ki, Ukrayna - Rusiya müharibəsindən istədiyini böyük ölçüdə artıq əldə etmiş ABŞ və müttəfiqləri əlavə maliyyə vəsaitləri xərcləməkdə maraqlı deyillər. NATO-nun genişlənməsi təmin olunub, Finlandiyanın hərbi alyansa üzvlüyü ilə NATO-nun Rusiya sərhədləri iki dəfədən artıq böyüyüb, Rusiyaya tətbiq olunan sanksiyalar səbəbilə ölkə ağır iqtisadi vəziyyətlə üzləşib, Rusiya uzun illər müttəfiq olduğu ən yaxın qonşusu ilə düşmən vəziyyətinə gətirilib və ən nəhayət indi Avropa dövlətləri Rusiya qorxusu ilə ABŞ-dan daha çox asılı vəziyyətə düşüblər".

Yusif Bağırzadə deyib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bir daha bəyan edib ki, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırıb. "Ukraynanı dəstəkləmək üçün ehtiyatlarımızda olan son təchizat paketini verdik" deyən Kirbi bunu hər nə qədər Konqresin qərarı ilə əlaqələndirsə də fakt odur ki, ABŞ artıq maliyyələşmədə iştirak etmir:

"Respublikaçılara görə Ukraynanın ABŞ-ın vergi ödəyicilərini “girov götürmək” hüququ yoxdur və Kiyevə yardım paketinə səs verməkdən imtina etmək qətiyyətsizlik deyil, Ağ Evə siqnaldır. Söhbət təkcə daha sərt immiqrasiya siyasətinə nail olmaq istəyindən deyil, həm də Bayden administrasiyasının Ukrayna məsələsində mövqeyini aydınlaşdırmaq zərurətindən gedir. Məsələn, Bayden adminstrasiyasının strategiyası nədir? Hədəf nədir? Ukraynaya ötürülən vəsaitin xərclənməsinə nəzarət necə həyata keçirilir? və s. Demokratlar isə öz növbəsində Kiyevə hərbi yardımın təsdiqlənməyəcəyi halda Ukraynanın cəmi bir ay duruş gətirə biləcəyini deyirlər.

Əslinə baxdıqda isə ABŞ-da Respublikaçılar və Demokratlar arasında maliyyələşmə ilə bağlı fikir ayrılığı sadəcə siyasi gedişlərdir və seçki qabağı bir-birinin mövqeyini zəiflətməyə yönəlib. Çünki hər kəsə məlumdur ki, ABŞ-ın Ukraynaya maliyyə yardımı ayırmasından ən çox qazanan elə ABŞ-ın özüdür. Ukrayna Prezidenti Zelenskidə Latviyaya səfəri çərçivəsində dolayısıyla bu faktı təsdiqləyib və bildirib ki, Vaşinqtonun Kiyev üçün ayırdığı maliyyənin demək olar ki, üçdə ikisi ABŞ-da qalır. “Mən prezident Baydenə çox minnətdaram, lakin onu da vurğulayım ki, ayrılan vəsaitin 70%-dən çoxu ABŞ-da qalır. Bizə kömək edən insanlar bunu bilçəlidirlər. Silahlar bizə pulsuz verilmir. Həmin pul silah istehsalçıları olan ABŞ müəssisələrində qalır”.

Bir şeyi də qeyd edim ki, Ukrayna üçün indiki mərhələdə ən etibarlı müttəfiq rolunda Böyük Britaniya çıxış edir. Böyük Britaniya ABŞ-ın dəstəyini geri çəkməsini bacardıqca kompensasiya etməyə çalışırlar. Bir neə gün əvvəl Kiyevə səfər edən Böyük Britaniyanın baş naziri Rişi Sunakın Ukraynaya 2,5 milyard funt sterlinqlik yardım paketinin ayrıldığını açıqlaması da bunun bariz sübutudur. Və bu vəsait münaqişə başlayandan bəri Londonun ayırdığı ən böyük yardım paketidir".

Süleyman
Xəbəri paylaş