“Fransanın antiAzərbaycan fəaliyyətləri hələ çox davam edəcək. Paris Azərbaycanın beynəlxalq nüfuzuna, imicinə zərbə vurmaq üçün əlində olan bütün imkanlardan istifadə edəcək. Ancaq nəzərə almaq lazımdır ki, Parisin atdığı bütün addımlar beynəlxalq hüquq normalarına, BMT-nin dövlətlərin ərazi bütövlüyünün tanınması prinsipinə ziddir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Fransa Senatında Azərbaycanla bağlı qəbul edilən qətnaməni şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, ölkəmizin öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etməsini utanmadan Azərbaycanın Qarabağa “hücumu” kimi xarakterizə edən Paris özü qəbul etdiyi qətnamə ilə üzvü olduğu BMT-nin, onun Təhlükəsizlik Şurasının tələblərini, qətnamələrini pozur:
“Rəsmi Paris bilməmiş deyil ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən erməni qəsbkarların çıxarılması ilə bağlı zamanında 4 qətnaməsi olub. İstər həmin qətnamələrdə, istərsə də bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ərazisi kimi əksini tapır. Ona görə də Fransa Senatının belə bir qətnamə qəbul etməsi siyasi riyakarlıqla yanaşı, həm də beynəlxalq hüququ, prinispləri ayaqlar altına atmaqdır. Digər tərəfdən Azərbaycan heç bir ölkənin ərazisinə hücum etməyib. Yalnız öz ərazilərini işğaldan azad edib ki, bunu da fransız deputatlar çox yaxşı bilir”.
Arzuman Muradlı deyib ki, Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi hər hansı bir sənətin heç bir hüquqi qüvvəsi, ölkəmizə təsir elementləri yoxdur:
“Bütün bunlar kağız parçasından başqa bir şey deyil”.
Süleyman