Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” – AQC sədri

“Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” – AQC sədri


Vüqar Oruc: “İlham Əliyev təkcə siyasi deyil, o, həm də milli liderdir”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucun rəhbərlik etdiyi qurumun fəaliyyəti, bu il üçün qarşısına qoyduğu hədəflər, eləcə də digər məsələlərlə bağlı müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının təşkilatçılığı ilə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” movzusunda forum keçirildi. Forumun yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

- 2018-ci ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ardıcıl, çoxvektorlu və instusional islahatlar həyata keçirilir ki, hakimiyyət qolları, idarəetmə orqanları ilə yanaşı, bütün sahələr də bu islahatların nəticəsində yenilənib. Heç şübhəsiz bu islahatlar peşə birliklərinin də fəaliyyətindən yan ötməyib və assosiativ təşkilatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər dövlət qurumlarının fəal dəstəyi nəticəsində peşə birlikləri arasında əməkdaşlıq artıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Respublikasının Auditorlar Palatası ölkəmizdə ilk peşə birliklərindən biridir.

Hələ ötən ilin iyulunda KOBİA-nın təşkilatçılığı “Audit və qiymətləndirmə” mövzusunda ictimai dinləmə keçirildi və bundan sonra ikitərəfli münasibətlərdə yeni mərhələ başladı. İlin sonunda isə qarşılıqlı fəaliyyətə dair əməkdaşlıq müqaviləsi imzaladıq. Müqavilədə gələcək fəaliyyət istiqamətlərinə dair mühüm məqamlar öz əksini tapıb. Məlumdur ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə yanaşı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası da oxşar sahələrdə fəaliyyət göstərən mütəxəssisləri öz ətrafında birləşdirir. “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” movzusunda forum qarşılıqlı əməkdaşlığın artırılması, yüksəlməsi, qarşılıqlı fəaliyyətin kordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malik tədbirdir.

Forumun yekununda birgə bəyanat qəbul edildi və qiymətləndiricilər, auditorlar və maliyyəçilər olaraq qarşıdakı prezident seçkilərində cənab Prezident İlham Əliyevi dəstəkləməklə bağlı yekdil mövqe ifadə olundu. 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən tarixi Zəfər, Azərbaycanın regionun lider, dünyanın isə önəmli dövlətinə çevrilməsi, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsinə yönəlik addımlar ölkə qiymətləndiriciləri, auditorları və maliyyəçiləri olaraq bizləri də qürurlandırır. Hesab edirik ki, xalqımız 7 fevral Prezident seçkilərində iştirak edərək öz gələcəyini yenidən İlham Əliyevə etibar edəcək. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin bu prosesdə iştirakı, fəal vətəndaş mövqeyi nümayiş etdirməsi labüddür.

- “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi qəbul edildi. Qanuna əsasən, Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunacaq və qiymətləndiricilər sertifikasiyadan keçəcəklər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qiymətləndirmə sektorundakı dəyişikliklərə necə hazırlaşır?

- 2022-ci ilin mayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat-seçki yığıncağında, hansı ki, həmin dövrdən etibarən cəmiyyətə rəhbərlik edirəm, yekun bəyanat qəbul edildi. Həmin bəyanatda “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbul olunması, Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması zərurəti öz əksini tapırdı. Bundan öncəki qanun 1998-ci ildə qəbul edilimşdi və müasir dövrün çağırışlarına cavab vermirdi. Yeni qanun layihəsi İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə hazırlandı və bununla bağlı müzakirələrdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq biz də fəal iştirak etdik.

Burada haşiyəyə çıxaraq bir məqamı qeyd edim ki, 2008-ci ilə qədər Azərbaycanda qiymətləndirmə sahəsində lisenziyalar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilirdi. Yalnız lisenziya aldıqdan sonra qiymətləndirmə şirkətləri fəaliyyət göstərə bilirdi. Sonradan lisenziyalaşdırma ləğv edildi. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sertifikat imtahanları keçirməklə ayrı-ayrı şəxslərin və ya şirkətlərin bu sahədə fəaliyyətini tənzimləməyə başladı. Bazar müstəqilləşdi, bu sahənin tərəqqisi baş verdi. Qiymətləndirmə şirkətləri və qiymətləndiricilər arasında kordinasiya artdı, peşəkar qiymətləndiricilərin yetişdirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Lakin bəzi şirkətlər və ya qiymətləndiricilər inzibati təsir alətlərinin və özünütənzimləmə mexanizmlərinin olmamasından öz məqsədləri naminə sui-istifadə hallarına yol verdilər. Bu mənada yeni qanunda Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunması ilə bağlı məqamlar dövrün tələbi idi.

Təbii ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq qanunun qəbulundan sonra da bu prosesdə yaxından iştirak edirik. Yeni qaydalara əsasən, qiymətləndicilərin lisenziyalaşdırma imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Müvafiq dövlət qurumları ilə birlikdə sualların tərtibatı, texniki-təşkilati işlərin həyata keçirilməsi prosesində fəal iştirak etmək niyyətindəyik. Nəzərə alsaq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998-ci ildən fəaliyyət göstərir və bu sahədə geniş təcrübəsi var, AQC-nin prosesdə yaxından iştirakı ümumi məqsədlərə nail olmaq baxımından labüd və faydalıdır.

- 2024-cü ilin ilk günlərini yaşayırıq. Yola saldığımız il Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində hansı hadisələrlə yaddaqalan oldu?

- Yola saldığımız il Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində məhsuldar dövr oldu. Dövlət qurumları, özəl təsisatlar, beynəlxalq təşkilatlar, peşə birlikləri, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə ənənəvi təmaslarımızı davam etdirdik. Bir çox qurumlarla, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq müqavlilələri imzaladıq. Qiymətləndirmə sektorunun inkişafı istiqamətində müxtəlif layihələr keçirdik. Eyni zamanda peşəkar qiymətləndiricilərin yetişdirilməsi sahəsində də ciddi uğurlar qazandıq. Daşınar və daşınmaz əmlakın qiymətləndirməsinə dair kurslar və sertifikasiya imtahanları təşkil etdik. Türkiyənin nüfuzlu Ankara Universiteti ilə müqavilə imzalanması razılaşdırıldı və Azərbaycandakı ali təhsil müəssisələri ilə qiymətləndirmə ixtisasının yaradılması istiqamətində fəal müzakirələrə start verdik.

Daha bir önəmli hadisə isə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlıdır. Bununla bağlı müzakirələrə 2022-ci ilin sonundan start verilsə də, 2023-cü ilin aprel ayında Bakıda türk dövlətləri qiymətləndicirilərinin “Zirvə görüşü”nü, iyun ayında isə Qazaxıstanın Türküstan şəhərində təsis yığıncağını keçirdik. Noyabr ayında Ankarada növbəti “Zirvə görüşü” baş tutdu. 2024-cü ilin may ayında birliyin Bakıda “Zirvə görüşü” keçiriləcək. Qeyd edim ki, hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq mən TDQB-nin vitse-prezidentiyəm. May ayında prezidentlik səlahiyyətləri mənim timsalımda Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin şəxsində Türkiyəyə dövr ediləcək.

- 21 gün sonra Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. İddialara görə, bu seçkilər ölkəmizin həyatında yeni dövrün başlanğıcı olacaq. Siz necə düşünürsünüz?

- Açıq şəkildə söyləmək lazımdır ki, cənab Prezident İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla və ləyaqətlə yerinə yetirib. İlham Əliyev Azərbaycan xalqını milli məqsədlər ətrafında ustalıqla səfərbər etməyə müvəffəq olub. Ötən dövr ərzində Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı möhtəşəm uğurların istinad nöqtəsidir. Ekosistem təmsilçilərinin son forumunda qeyd etdiyim kimi, İlham Əliyev təkcə siyasi lider deyil, o, həm də milli liderdir.

Belə ki, cənab prezident təkcə dövləti idarə etməklə, xalqın rifahını yüksəltməklə, Azərbaycanımızı beynəlxalq arenada yüksək səviyyədə təmsil etməklə kifayətlənməyərək, millətimizin qarşısındakı hədəfləri müəyyən edir, bir xalq kimi inkişaf etmək və bir dövlət kimi qüdrətə sahib olmaq istiqamətində əsaslana biləcəyimiz ideoloji əsasları, strateji proqramı və taktiki baxımdan uğur gətirə biləcək addımları müəyyən edir. 50 milyonluq xalqımızın belə üstün keyfiyyətlərə malik bir liderinin olması tarixi fürsətdir və biz bunu dəyərləndirməliyik.

Onu da vurğulamaq istərdim ki, 44 günlük vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Hesab edirəm ki, 7 fevral seçkilərində iştirak etmək və cənab Prezident İlham Əliyevə yenidən səs vermək Azərbaycan xalqının öz gələcəyinə investisiyasıdır və əminliklə söyləmək olar ki, bu seçkilər yeni dövrün, ölkəmizin firavan gələcəyi istiqamətində növbəti uğurların və yeni zəfərlərin başlanğıcı olacaq.

Süleyman
Xəbəri paylaş