“Ukrayna ilə müharibə Rusiya cəmiyyətində Qərbin gözlədiyi effekti vermədi. Gözlənilirdi ki, bu müharibə Rusiya cəmiyyətində kəskmn narazılıq yaradacaq, ancaq biz bu gün bunun əksini görürük. Müharibə Rusiya cəmiyyətində Putinə olan etimadı daha da artırdı”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Zeynal Əmralıyev Rusiyada keçiriləcək prezident seçkilərində Putinə ciddi rəqibin olma mümkünlüyü barədə danışarkən səsləndirib. O bildirib ki, Rusiya xalqının hətta Putindən xoşu gəlməyən təbəqəsi belə müharibəni dəstəkləməyə məcburdur:
“Çünki ruslar üçün nə olur olsun məğlubiyyət barışılmaz bir anlayışdır. Buna görə mən bu seçkidə Putinə ciddi alternativ görmürəm. Putinə ən ciddi alternativ olacaq şəxs Aleksey Navalin idi, onu da Putin sıradan çıxardı. Navalin həbs edildi, komandası demək olar ki, dağıdıldı. Digər partiyalar isə əsasən Kremlin əlinə baxan partiyalardır. Təbii ki, onlar da hər dəfə olduğu kimi yenə namizəd çıxacaqlar. Ancaq rus xalqı bu partiyaların " saray müxalifəti " olduğunu yaxşı bilir və yenə seçimini ən real namizəddən, Putindən yana edəcək”.
Zeynal Əmralıyev deyib ki, ənənəvi müxalifətdən nə Kommunistlərin, nə Liberal - Demokratların namizədləri Putinə alternativ olacaq gücdə deyillər:
“Yeri gəlmişkən, mən seçkidən sonra Ukrayna cəbhəsində Rusiyanın xeyli fəallaşacağını gözləyirəm. Ehtimal ki, Putin rus xalqından daha 6 illik mandat aldıqdan sonra var gücü ilə hücuma keçəcək. Qərb indidən Ukraynaya silah təchizatını gücləndirilməlidir. Əks halda biz martdan sonra, xüsusilə yay aylarında Ukrayna cəbhəsində dəhşətli mənzərələrin şahidi ola bilərik”.
Süleyman