Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini və Fransa Senatının ölkəmizə qarşı əsassız ittihamlarla dolu qətnamə qəbul etməsini nəzərə alaraq qəbul etdiyi Bəyanatda Azərbaycan Respublikası Hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış etməsini təqdir edirik.
Bəyanatda həmçinin bir sıra digər mühüm çağırışlar və təkliflər də yer alıb. Belə ki, parlamentarilərimiz Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılmasını, "Total" da daxil olmaqla bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasını, eləcə də Kanaky, Maohi Nui ərazilərinin və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atılmasını təklif ediblər. Eyni zamanda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub.
Mən əminəm ki, bütün Azərbaycan cəmiyyəti bu təkliflərlə qeydsiz-şərtsiz razıdır. Çünki Makron Fransasının 44 günlük İkinci Qarabağ müharibəsi dövründən etibarən açıq şəkildə ermənipərəst siyasət yürütməyə və davamlı azərbaycanofob davranışlar sərgiləməyə başlaması artıq Fransa ilə ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq siyasətini davam etdirməyimizə heç bir əl yeri qoymur.
Bu mənada parlamentimizin və hökumətimizin təcili adekvat tədbirlər görməsinə və Fransanın getdikcə açıq düşmənçilik xarakteri alan anti-Azərbaycan fəaliyyətlərini dayandırmaq üçün hərəkət etməsinə həqiqətən də ciddi ehtiyac var. Biz ümid edirik ki, Milli Məclisin sözügedən Bəyanatında yer alan çağırışlar və sərt təkliflər rəsmi Parisi reallıq hissinə qaytaracaq və Fransanın öz milli maraqlarına zərbə vuran anti-Azərbaycan siyasətinə son qoymaq barədə düşünməyə vadar edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri