Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Uqandanın Kampala şəhərində keçirilən 19-cu Zirvə görüşü çərçivəsində Maldivin xarici işlər naziri Musa Zameer ilə görüşüb.
XİN-dən Newscenter.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkədə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Maldivin xarici işlər naziri ölkəni Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə təbriklərini çatdırıb, troyka üzvü kimi Azərbaycanın Hərəkatın daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. İki ölkə arasında turizm, hava nəqliyyatı, təhsil, və digər humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərfli və regional məsələlər müzakirə olunub.
Mehman Mehdiyev