"Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində geniş imkanlar yaranmışdır. Ötən dövr ərzində ölkə mediası çoxşaxəli inkişaf yolu keçmiş, obyektivlik, qərəzsizlik prinsipləri rəhbər tutularaq daxili və xarici mühüttə baş verən proseslərlə bağlı insanların məlumatlandırılması istiqamətində məqsədyönlü fəaliyyət icra edilmişdir. Azərbaycan xalqı dövlət müstəqilliyini çox çətin geosiyasi şəraitdə, separatizm və erməni işğalına məruz qalaraq əldə etmişdir.
Təbii ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər siyasi sferada yaşanan hadisələr, hakimiyyət çəkişmələri erməni təcavüzü kimi böyük bir problemin dünya ictimaiyyətinə çatdırılması yolunda ciddi maneələr yaratmışdı. Düşmən ölkə isə məlum situasiyadan yaralanaraq cəbhədə əldə etdiyi üstünlüyü informasiya müstəvisinədə daşımağı bacarmışdı. Nəhayət Ümummilli lider Heydər Əliyevlə inkişaf konsepsiyası formalaşdıran Azərbaycan, öz müstəqil media gücünü də formalaşdırmağı bacardı. Hazırda medianın inkişaf perspektivləri, dəstəklənməsi, bu sahədə institusional quruculuğun davam etdirilməsi, müasir texnologiyaların tətbiqi və işlərin stimullaşdırılması hər daim ölkə başçısı, cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Mütəmadi olaraq həyata keçirilən dövlət proqramları, sistematik və ardıcıl görülən işlər, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması fəaliyyətləri göstərilən diqqətin bariz nümunəsidir.
Təbii ki, Azərbaycan mediası bu illər ərzində istər dövlətin dəstəyi, istərsə də şəxsi təşəbbüskarlıq mühitündə əldə etdiyi fundamental bilikləri, iş görmək bacarığını 44 günlük Vətən Müharibəsi zamanı ölkə həqiqətlərini dünyaya çatdıraraq, döyüş meydanında olduğu kimi informasiya müharibəsində də düşmən üzərində əzici üstünlük qazanaraq bir daha sübüt etmiş oldu. Məhz bu reallıqları görən bəzi xarici qüvvələr, erməni lobbisindən qidalanan dairələr Azərbaycanda siyasi mühütlə bağlı qarayaxma kampaniyasına yenilərin əlavə edir, ölkədə mətbuat və söz azadlığı ilə bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər.
Belə bir məqamda Jurnalistləri Müdafiə Komitəsi adlı beynəlxalq təşkilatın ölkəmizi media ilə bağlı hədəf alan ittihamları tamamilə əsassızdır, heç bir konkret mənbəyə istinad edilmir. Bilindiyi kimi rəsmi Bakı Ermənistanı sülhə məcbur etmə siyasətini uğurla davam etdirir. Regionda siyasi, iqtisadi maraqları olan qüvvələr erməni kartından Azərbaycana qarşı istifadə etməyə çalışırlar və bu siyahıya media ilə bağlı iddiaların əlavə edilməsi istisna deyil. Göründüyü kimi insanların məlumat azadlığına qarşı olan həssas münasibətini dərk edən qüclər Azərbaycanda mövcud xalq-iqtidar birliyinə kölgə salmaq, bu birliyi sarsıtmaq planları qururlar. Lakin onların unutduqları bir məqam var ki, Azərbaycan xalqı özünün gələcəyi ilə bağlı qərarı, ən doğru yolu ötən əsrin sonlarında Heydər Əliyev siyasi məktəbinə inam göstərməklə seçib və bu irs Prezident İlham Əliyevin müdrük idarəçiliyi əsasında bu gündə Azərbaycanın inkişafını şərtləndirir.
Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Newscenter.az üçün